Bakı. Trend:
“Davamlı insan inkişafının tədrisinə dünyada 2005-ci ildə başlandığı halda, Azərbaycanda bu proses ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildən başlayıb. Bu, ölkənin təhsil siyasətində insan amilinin prioritet təşkil etməsindən xəbər verir. Eyni zamanda, Prezident İlham Əliyev “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” fikrini bəyan etməklə ölkəmizdə təhsilin prioritet inkişaf istiqamətini müəyyənləşdirib”.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Universitetində bu gün işə başlayan “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018” beynəlxalq konfransının açılışında Universitetin rektoru Səadət Əliyeva deyib. Rektor qeyd edib ki, 2018-ci il Azərbaycan Respublikası üçün bir çox tarixi hadisələrlə zəngindir. Bu il şərqdə ilk demokratik respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd olunur. Digər tərəfdən may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür ki, açılışına toplaşdığımız bu konfrans da bu yubileyə həsr olunub. Səadət Əliyeva deyib: “Bugünkü konfransa göstərilən maraq, onun işində dünyanın 10-a yaxın ölkəsindən, o cümlədən, Rusiya, Türkiyə, Qazaxıstandan, Ukraynadan olan alimlərin iştirakı həm davamlı inkişaf konsepsiyasına və bu konteksdə humanitar elmlərin aktual problemlərinə elmi marağın olmasından xəbər verir”.
Beynəlxalq konfransın iştirakçıları səhər saatlarında Fəxri Xiyabana gedərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov, millət vəkili Aydın Mirzəzadə, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Yeromin İqor, Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev, görkəmli yazıçı Çingiz Aytmatovun oğlu, diplomat Asker Aytmatov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Seyfəl Həsənov, ASSOL İctimai Fondunun prezidenti, ictimai xadim Assol Moldokmatova konfransın açılışında çıxış edərək müzakirə olunacaq məsələlərin əhəmiyyətindən söz açıb, tədbirin işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında Türkiyə və Rusiyanın tanınmış alimləri – Bülent Açma və Olqa Astafyeva məruzə ilə çıxış ediblər. Türkiyənin Anadolu Universitetinin professoru Bülent Açmanın məruzəsi “Regional innovativ informasiya cəmiyyəti strategiyaları: Cənub-şərqi Anadolu bölgəsi və Türkiyənin cənub-şərqi Anadolu layihəsi”nə həsr olunub. Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru Olqa Astafyeva isə “Mədəniyyət və ərazilərin davamlı inkişafı fənlərarası tədqiqatların gözü ilə” mövzusunda çıxış edib.
Açılış və plenar iclasın ardından konfrans öz işini iqtisadiyyat; filologiya (dil və ədəbiyyat); kulturologiya; tarix və hüquq; təhsil və ikt; sosial elmlər olmaqla 6 bölmədə davam etdirib. Bölmə iclasları sabah da davam edəcək. Konfransın ikinci günkü plenar iclasında isə iştirakçılar Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yuri Qoryachevin “UNESCO-nun UNITWIN kafedrasının proqramı dayanıqlı inkişaf proqramının gündəliyində” çıxışını dinləyəcəklər. Konfrans bölmə sədrlərinin hesabat çıxışları və rektor Səadət Əliyevanın bağlanış nitqi ilə yekunlaşacaq.
Konfransın beynəlxalq elmi komitəsində 10 ölkədən alim təmsil olunur. Konfransa Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Ukrayna və s. kimi 15-ə yaxın ölkə alimlərinin 232 məqaləsi daxil olub. Konfransa təqdim olunmuş materiallar toplu şəklində çap olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın tərəfdaşları Cambridge International Academics (İngiltərə), Liepaja Universiteti (Latviya) və “Synergy Group”dur.
Qeyd edək ki, kifayət qədər elmi bazaya malik olan humanitar fənlərdən fərqli olaraq leksikonumuza son bir neçə ildə daxil olan davamlı inkişaf anlayışı müxtəlif elm sahələrinin qovşağında ən intensiv öyrənilən mövzulardan birinə çevrilib. Lakin hələ də tam olaraq öyrənilməmiş bu sahənin ciddi elmi əsaslarının yaradılmasına, fundamental baxışlarının formalaşdırılmasına ciddi ehtiyac vardır. “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” beynəlxalq elmi konfransının keçirilməsinin əsas məqsədi bu sahədə çalışan alimlərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə edilməsi üçün uyğun platforma təqdim etməkdir.