...

Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir (FOTO)

Cəmiyyət Materials 15 May 2018 12:10 (UTC +04:00)
31-i qeyri-islam olmaqla 809 dini icma dövlət qeydiyyatına alınıb.
Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərliyi ilə ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti mayın 14-də ABŞ Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, Los-Ancelesin ən böyük və müasir üslubda tikilmiş kafedral kilsəsində baş tutan görüş zamanı Mübariz Qurbanlı arxiyepiskopa Azərbaycandakı tolerant və multikultural mühit barədə məlumat verib.

Komitə sədri bildirib ki, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri mövcud olub, milli, dini, eləcə də irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

31-i qeyri-islam olmaqla 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Dövlət Komitəsinin sədri ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, Yəhudilik dininə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Daha sonra dini icmaların liderləri Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti barədə arxiyepiskopla fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətinin növbəti görüşü Los-Anceles vilayətinin Nəzarətçilər Şurasının sədri Şeyla Kuehl ilə baş tutub. Xanım Kuehl 2008-ci ildə hələ Kaliforniyanın Ştat Senatoru kimi ölkəmizə səfər etdiyini və Azərbaycandan xoş təəssüratlarla ayrıldığını bildirib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Los-Anceles vilayətinin Nəzarətçilər Şurasının sədrinə Azərbaycanda dinə dövlət qayğısından bəhs edib. M.Qurbanlı bildirib ki, dini ənənələrə və mədəniyyətə malik olan Azərbaycan bu gün dini əmin-amanlığa və sabitliyə töhfə verən örnəkdir. Bunun əsası Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. 2016-cı ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdıran Komitə sədri vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərildiyini qeyd edib. O, Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirib.

Nümayəndə heyəti, həmçinin Los-Ancelesdə nəşr olunan ABŞ-ın ən böyük oxucu kütləsinə malik olan “Jewish Journal” qəzetinin prezidenti Devid Suisa ilə görüşüb. Görüş zamanı Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verilib. Görüşdə, eyni zamanda ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğu və sülh şəraitində dinc yanaşı yaşadığı, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdikləri və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində gündən-günə daha da gücləndiyi diqqətə çatdırılıb. Görüşlərdə iştirakçılara Azərbaycanda dini tolerantlıq mühitini, həmçinin Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar təqdim olunub.

Qeyd edək ki, səfər DQİDK, Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və onun müavini Yevgeni Brenneysen daxildir. Görüşlərdə nümayəndə heyətini Azərbaycannın Los-Anceles şəhərindəki Baş konsulu Nəsimi Ağayev müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti