Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib.
Trend-in məlumatına görə, bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamıyla yaradılan Azərbaycan İlahiyyat İnstitutu, öz korporativ loqosunun təşkili üçün 26 iyul 2018-ci il tarixində müsabiqə elan edib.
Bu məqsədlə İnstitutda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə, AMEA–nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağıyevdən ibarət komissiya təşkil edilib.
Keçirilən loqo müsabiqəsi ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutunda avqustun 8-də iclas keçirilib. İclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb.
Qeyd edək ki, müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən fərdi və müştərək qaydada 36 müəllif ümumilikdə 106 loqo nümunəsi təqdim edib. Elan edilən parametrlər üzrə qiymətləndirilmədən sonra, Könül Məmmədzadənin təqdim etdiyi loqo nümunəsi müsabiqənin qalibi seçilib.
Komissiya üzvlərinin yekdil rəyinə görə, K.Məmmədzadənin təqdim etdiyi nümunə Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və məramını daha yaxşı əks etdirib. Belə ki, multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn “insan” simvolu Tanrı ilə ünsiyyəti, “kitab” - elmin əsas qaynağını, “zeytun budağı” isə sülhü və mənəviyyatı ifadə edir.
Beləliklə, loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Könül Məmmədzadə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən mükafatlandırılıb.