Bakı. Samir Əli - Trend:
Azərbaycanda Amerika sortu olan ətirli tütün yetişdirilir. Bu barədə özəl olaraq Trend-ə Şəki rayon İcra Hakimiyyətindən bildiriblər.
Məlumata görə, ABŞ-ın Virciniya ştatından gətirilən bu tütün növü digər növlərlə müqayisədə daha bahalıdır və Şəkidə yetişdirilir:
"Şəkidə bu il 877 hektar tütün sahəsi əkilib, onun 649 hektarı "Virciniya" sortu olan yaşıl tütündür, 228 hektarı isə digər tütün növləridir. Artıq rayonda tütün istehsalına başlanılıb. Builki mövsümdə indiyə qədər 2600 ton "Virciniya" tütünü istehsal olunub. 15 min 743 ton isə digər növ yaşıl tütün yığılıb".
Bildirilib ki, "Virciniya" sortu olan tütünlərin özəlliyi ondadır ki, bu tütün digər sortlardan fərqli olaraq müxtəlif temperaturlu havada xüsusi üsulla qurudula bilir:
"Bu sortu "Azərtütün" MMC gətirərək əhali ilə müqavilə bağlayır, əhali toxum və digər avadanlıqlarla təmin edilir. Əhali həmin tütünü yetişdirəndən sonra isə "Azərtütün" MMC-yə satır. Bu il ümumilikdə 2700 ton quru tütün istehsalı gözlənilir".
Şəki rayon İcra Hakimiyyətindən onu da bildiriblər ki, 2017-ci ildə Şəkidə 843 hektar tütün sahəsi əkilib, 2631 ton tütün istehsal olunub.