...

Norveçli diplomat Azərbaycan xalçalarına heyran olub (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2018 15:28 (UTC +04:00)
Norveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə tanış olub.
Norveçli diplomat Azərbaycan xalçalarına heyran olub (FOTO)

Bakı. Trend:

Norveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə tanış olub.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, qonağa məlumat verilib ki, bu filial “Azərxalça”nın ölkəmizdə fəaliyyət göstərən 11 xalça istehsalı emalatxanasından biridir. Filial bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İndiyədək burada 100-dən çox xalça toxunub.

Bildirilib ki, filialda 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda xalça toxunur. Burada əsasən Quba qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.

Qeyd olunub ki, etnoqrafik cəhətdən çox zəngin olan bu bölgə qədim xalçaçılıq ənənələrinin yarandığı və inkişaf etdiyi bölgələrdəndir. Burada ayrı-ayrı kəndlərdə xalçaçılıq sənəti uğurla davam etdirilib, nəsildən-nəslə ötürülüb. Tarixən dünya alimlərinin, səyyahların diqqətini cəlb etmiş Quba xalçaları dünyanın məşhur muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Quba qrupu xalçaları üzərində öz əksini tapan müxtəlif naxışlar yerli əhalinin dünyagörüşünün, inanclarının təzahürü, bu yurdun tarixi keçmişinin yadigarıdır. Azərbaycan xalçalarının bütün qrupları üçün səciyyəvi olan ağ, qara, qırmızı, sürməyi, mor, sarı, mavi, yaşıl və s. kimi rənglərin Quba qrupu xalçalarında yaratdığı rəng ahəngi onlara təkrarsız gözəllik bəxş edir.

“Azərxalça”nın rəssamları belə qədim çeşniləri bərpa edirlər. Toxucular isə həmin çeşnilər əsasında orijinal və gözəl xalçalar toxuyurlar.

Olav Nils Thue Xaçmaz filialında toxunan xalçalara heyranlığını bildirib. Müvəqqəti işlər vəkili dövlət səviyyəsində xalçaçılığa göstərilən diqqətin təqdirəlayiq olduğunu qeyd edib.

Norveçli diplomat Azərbaycan xalçalarının dünyaya ixracı ilə də maraqlanıb.

Məlumat verilib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti müxtəlif ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə danışıqlar aparır. Yaxın zamanlarda Azərbaycan xalçaları ABŞ, Yaponiya, Rusiya və Avropa ölkələrinə ixrac olunacaq.

Olav Nils Thue keyfiyyətli Azərbaycan xalçalarına ökəsində də ciddi tələbatın olacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti