...

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2018 10:45 (UTC +04:00)
“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb.
“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb.

Trend-in məlumatına görə, sərgi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA kampaniyasının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Azərbaycan da daxil olmaqla, sərgidə Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Rusiya, Türkiyə, Ukrayna ölkələrinin 43 şirkəti iştirak edir.

2010-cu ildən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi üçün zəmin yaratmaqdır.

Qeyd edək ki, bu il ilk dəfə olaraq “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi çərçivəsində “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru”, “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzularında iki beynəlxalq elmi konfrans keçiriləcək.

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi üç gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti