Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan hökuməti və Çin Xalq Respublikası hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində sürücülərin hazırlığı üzrə peşə təhsilinin verilməsində istifadə etmək üçün ölkəmizə Çindən yeni avadanlıqlar gətirilib.
Trend-in məlumatına görə, bu gün Abşeron Binə Peşə Liseyində Çin Xalq Respublikası hökuməti tərəfindən həyata keçirilən “Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təqdimatı keçirilib.
Tədbirdə təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycan hökuməti və Çin Xalq Respublikası hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində müxtəlif kateqoriyalı avtonəqliyyat vasitələrinin sürücülərinin hazırlığını və ixtisasartırmasını həyata keçirmək üçün 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim sistemləri üzrə avadanlıqlar, iş masaları, mexanizmlər, alətlər və digər ləvazimatlar ölkəmizə gətirilib. Onlar Abşeron Binə Peşə Liseyində, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.
Daha sonra İdris İsayev peşə təhsili sahəsində göstərilən dəstəyə görə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuaya təşəkkür edərək birgə əməkdaşlığın yüksələn xətlə inkişafına əminliyini ifadə edib.
Səfir Vey Cinhua son dövrlərdə Azərbaycanda müxtəlif sahələrdə, eləcə də peşə təhsili sahəsində görülən işləri yüksək dəyərləndirib, həmçinin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb.