Bakı. İlhamə İsabalayeva - Trend:
Paytaxtda 143 qurumuş və təhlükə yaradan ağac 2 mindən çox müxtəlif cinsli ağacla əvəzlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi üçün qurumun təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.
Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, 21 noyabr 2018-ci il tarixindən başlanan və bugünədək davam edən aksiyalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 143 qurumuş və təhlükə yaradan ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib.
Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.
ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.