...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2018 01:49 (UTC +04:00)
Heydər Əliyev Fondunun və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans, sərgi və rəsmi qəbul keçirilib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans, sərgi və rəsmi qəbul keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları - Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, səfir Dursun Həsənov və digər rəsmi şəxslər əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra nümayəndə heyəti Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər.

Konfransda çıxış edən səfir Dursun Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun Gürcüstan ilə mədəni əlaqələrin inkişaf etdirilməsinə önəm verdiyini, bu ölkədə bir sıra elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb.

Diplomat bildirib ki, Azərbaycan 100 il bundan əvvəl məhz Tbilisidə Şərqdə ilk demokratik respublika elan edib. Bugünkü respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlər bizə Xalq Cümhuriyyətindən miras qalıb.

Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, dünyada nüfuzlu dövlət kimi öz mövqelərini möhkəmləndirib və inkişaf edir. Gürcüstan ilə birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri ölkələrimizin əməkdaşlığının önəmini daha da artırır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Gürcüstanın münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki qəbul etməlidir.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili çıxışında Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb. Bu gün gürcü tələbələrin Azərbaycan universitetlərində, azərbaycanlı tələbələrin isə Gürcüstan universitetlərində təhsil aldıqlarını söyləyib.

Levan Xaratişvili təmsil etdiyi nazirliyin rəhbərliyi və kollektivi adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib.

Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) prezidenti, akademik Giorgi Kvesitadze ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Cənubi Qafqazın iki aparıcı dövləti olan Azərbaycan ilə Gürcüstanın birgə reallaşdırdığı enerji və nəqliyyat layihələri xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. O, münasibətlərimizin daha da genişlənməsində və möhkəmlənməsində elm adamlarının üzərinə mühüm vəzifələr düşdüyünü deyib.

Tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi, onun ənənələri, o dövrə xas olan yeniliklər barədə məlumat verib. Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən, Cümhuriyyətin tanınması istiqamətində görülən işlərdən danışıb. İlqar Niftəliyev Paris Sülh Konfransında Millətlər Liqasının Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımasından sonra səfirliklərin açıldığını diqqətə çatdırıb.

Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyimizin qorunub saxlandığını və möhkəmləndiyini vurğulayıb. O, müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətini müqayisəli təhlil edib, hər iki dövrdə müstəqilliyimizin çətin əldə edildiyini diqqətə çatdırıb.

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Lamiyə Qafarzadə məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət, təhsil sahəsində qazandığı uğurlar, habelə ölkədə insan haqlarının bərabərləşdirilməsi məsələlərini diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin milli tərkibini, onun həqiqətən demokratik xarakter daşımasını xatırladıb.

GMEA-nın üzvü Ramaz Xurodze Gürcüstan arxivlərində saxlanılan materialların sona qədər tədqiq olunmadığını bildirib və hər iki ölkənin alimlərinin şanlı tariximizi birgə araşdırmalarının vacibliyini vurğulayıb.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən film nümayiş olunub.

Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar nümayiş etdirilib.

Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə rəsmi qəbul da keçirilib.

Səfir Dursun Həsənov çıxış edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxili və xarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirib. Qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlər inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə nəzər salan nazir müavini ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığının səviyyəsindən məmnunluğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2018-ci ildə Fransa, Polşa, İtaliya, Vatikan, Almaniya və Böyük Britaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixinə həsr olunan sərgi və elmi konfranslar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti