Bakı. Trend:
Azərbaycan Universitetində XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş "Öz oduna yanan şair" adlı tədbir keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə görkəmli şairin yaradıcılığı və qısa həyat yolu haqqında məlumat verilib, yaradıcılığından bədii hissə təqdim edilib. Vurğulanıb ki, Azərbaycan Universitetinin fəaliyyətini əks etdirən “Çağlayan” jurnalının adı təsadüfi seçilməyib. O, unudulmaz şair Mikayıl Müşfiqin sonuncu, işıq üzü görməmiş kitabının adıdır.
Kafedranın müdiri Ülviyyə Rəhimovanın çıxışı Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə həsr olunub. Kafedra müdiri bildirib ki, 29 yaşında repressiya qurbanı olan görkəmli şair qısa zaman kəsiyində zəngin ədəbi irs yaradıb. Onu cəmi 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edərək qətlə yetirənlər Azərbaycan xalqının yaddaşından və Azərbaycan ədəbiyyatından silə bilmədilər. Ülviyyə Rəhimova deyib: “Mikayıl Müşfiqin pafosu, coşub-daşan ehtirası, həyat eşqi, hətta ölümünə gedən son anda belə sönməmişdir. Unudulmaz şairimiz haqqında H. Cavid “Müşfiq bir oddur ki, öz-özünü yandıracaq” deyərək onun gələcək taleyini müəyyən etmişdi”.
Kafedranın professoru Asif Hacıyev çıxışında Müşfiq poeziyasının bədii keyfiyyətləri haqqında məlumat verib, faciəli anlarla dolu həyatının müxtəlif məqamlarına diqqət çəkib. Asif Hacıyev qeyd edib ki, qısa müddət ərzində ədəbi mühitdə böyük nüfuz qazanan Mikayıl Müşfiqin yaradıcılığına Azərbaycan ədəbiyyatının Hüseyn Cavid, Səməd Vurğun kimi görkəmli nümayəndələri tərəfindən yüksək qiymət verilib. Azərbaycan ədəbiyyatının hər bir görkəmli simasının yaddaşlarda formalaşmış özünəməxsus obrazı var. Füzuli filosofdursa, Nizami müdrikliyin rəmzidir. Mikayıl Müşfiq isə ülvilik və gözəlliklə yanaşı həm də nakamlığın və faciəviliyin simvoludur. Çünki onun çox qısa olan ömrünün son 4-5 ili mənəvi terrorla keçib. Mənəvi terror fiziki terrorla nəticələnib. 1956-cı ildə bəraət alıb.
Tədbirin bədii hissəsində tələbələr Rifat Əliyev, Çiçək Paşazadə və Sarvan Əliyev Mikayıl Müşfiqin sözlərinə yazılmış “Məhəbbət”, “Söylə”, “Dilbərim”, “Yaşa məhəbbətim” və “Sənə qurban” mahnılarını ifa ediblər. Aytəkin Kərimova, Məhəbbət Azadov, Lamiyə Nəcəfova, Aynurə Heydərova, Nərmin Məmmədli, Rəna Kərimova və Fəranə Mikayılova “Həyat sevgisi, “Sənin gülüşlərin”, “Rəssam”, “Küsmərəm”, “Könlümü”, “Ana”, “Oxu tar”, “Bəxtiyar”, “Yenə o bağ olaydı” şeirlərini, “Yadıma düşdü” qoşmasını səsləndiriblər.
Tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam əsasən təşkil edilib. Tələbələr tədbirə kafedranın dosenti Əminə İbrahimlinin rəhbərliyində hazırlaşıblar.