Bakı. Trend:
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.
Trend-in məlumatına görə, jurnalda ilk olaraq Şərqşünaslıq İnstitutunun əməkdaşlarına fəxri adlar, orden və medallar verilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları dərc olunub. Sonra akademik Gövhər Baxşəliyevanın bu yaxınlarda 60 illik yubileyini qeyd etmiş Şərqşünaslıq İnstitutunun keçdiyi şərəfli yoldan bəhs edən “60 ilin elm ocağı” adlı məqaləsi təqdim edilib.
Jurnalda “Osmanlı təhrir dəftərlərinin Azərbaycanın orta əsrlər sosial-iqtisadi tarixinin öyrənilməsində önəmi” (akademik Şahin Mustafayev), “Azərbaycan mühacirlərinin matəm günü” (f.ü.f.d. Barat Osmanova), “Şərq dillərinin son 10 ildə öyrənilməsinə dair” (f.ü.f.d. Vüqar Məmmədov), “Azərbaycan və türkmən dillərində feli sifətlərə dilçilərin nəzəri baxışları və feli sifətlərin sintaksisdəki yeri” (Aysel Vəliyeva), “Erkən islam tarixindən bəzi məqamlar” (t.ü.f.d. Əmmar Abbasov), “Çinin qloballaşma dövründə Asiya-Sakit Okean regionunda rolu” (f.ü.f.d. Zenfira Şıxəlibəyli) və s. məqalələrlə tanış olmaq olar.
Jurnalda həmçinin Tacikistan barədə geniş məlumatı əks etdirən məqalə, akademik Gövhər Baxşəliyevanın Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl-fəcr” qəzetində dərc edilmiş müsahibəsi, Şərqşünaslıq İnstitutunda son aylarda nəşr edilən kitablar və keçirilən tədbirlər barədə məlumat təqdim edilir.