...

Nazirlik: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil

Cəmiyyət Materials 23 Mart 2019 12:25 (UTC +04:00)
Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir.
Nazirlik: Qlobal istiləşmənin səbəbi Günəşlə bağlı deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 30 ildə həyata keçirilən peyk ölçmələrinin məlumatları ayrılan Günəş enerjisinin həcminin artmadığını göstərir. Yəni son zamanlar Yerdə müşahidə edilən istiləşmə Günəşin aktivliyinin dəyişilməsi ilə izah edilə bilməz.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin 23 mart - Ümümdünya Meteorologiya Günü ilə əlaqədar yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, okeanlarda suyun istiləşməsi və buzlaqların əriməsinə səbəb olan temperatur yüksəlməsi atmosferdə uzunömürlü istixana qazlarının olması ilə əsaslandırılır. Karbon qazının konsentrasiyasının artması və çoxömürlü istixana qazlarının təsiri nəticəsində iqlimin istiləşmə effektini yaradan summar radiasiya təsirləri 1990-cı ildən 41 % artıb:

"Əgər istixana qazlarının konsentrasiyasının hazırkı tendensiyası saxlanılarsa, biz yüzilliyin sonunadək temperatur diapazonunun 3 dərəcə C-dən 5 dərəcə C-dək artması ilə üzləşə bilərik. Bu, BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris sazişində əksini tapmış qlobal orta temperaturun artmasının 2 dərəcə C-dək və mümkünsə 1,5 dərəcə C-yə yaxın saxlanılması ilə bağlı məqsədli göstəricilərdən xeyli yuxarıdır".

Nazirliyin məlumatında bildirilir ki, Günəş buludlu hava şəraitində də istifadə edilməsi mümkün olan alternativ enerji mənbəyini verməyə qadirdir. Günəş enerjisi həqiqətən də bütün dünyada istifadə olunur və elektroenerjinin generasiyası və ya suyun qızdırılması və şirinləşdirilməsi üçün daha populyar mənbəyə çevrilir:

"Dünyada ən günəşli yer Ölü dənizi ərazisi hesab edilir ki, burada il ərzində 330 günəşli gün qeydə alınır. Şımal Torpaq arxipelaqında isə Günəş il ərzində orta hesabla cəmi 12 gün görünə bilər. Ölkəmizdə coğrafi mövgeyi və iqliminə görə Günəş enerjisindən daha geniş istifadə üçün əlverişli şərait var".

Xatırladaq ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən hər il martın 23-ü Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur. Builki Meteorologiya Günü “Günəş, Yer və hava” mövzusu adı altında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti