Bakı. Trend:
“Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyi tərəfindən “Regional münaqişələrin həlli: sülhə gedən yol” mövzusunda Beynəlxalq Konfrans keçirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, həmin tədbirdə Milli Məclisin deputatı Elman Nəsirov, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, aidiyyəti dövlət orqanlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının əməkdaşı tədbirdəki çıxışında qeyd edib ki, bütün tarix boyu bəşəriyyəti düşündürən ən ümdə məsələlərdən biri də sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusudur. Ombudsman Elmira Süleymanovanın Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il Beynəlxalq Sülh Günü ərəfəsində, yəni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı”nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.
Eyni zmanda Müvəkkilin azərbaycanlı əsir və girovların məsələsini daim diqqətdə saxladığı, onların hüquqlarının müdafiəsində səylər göstərdiyi, əsir və girovluqdan azad olunmaları ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə rəsmi müraciətlər etdiyi və həmin təşkilatın mandatı çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, bir neçə hərbi əsirin Azərbaycan tərəfinə qaytarılmasının sürətləndirilməsində yardımçı olduğu diqqətə çatdırılıb.
Müvəkkilin ölkəmizin işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan hərbçiləri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda olduqları müddətdə işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı nümayəndəliyinə müraciət ünvanladığı, həmin məsələni Komitənin Cenevrə şəhərində yerləşən baş iqamətgahında bu qurumun vitse-prezidenti ilə müzakirə etdiyi, həmçinin girovların ailə üzvləri ilə görüşdüyü, problemləri və qayğıları ilə tanış olduğu vurğulanıb.
Habelə Azərbaycan Ombudsmanının Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) D.Əsgərov və Ş.Quliyevin məhkəmə işinə ədalətli baxılması və bu prosesin sürətləndirilməsinin prioritet məsələ kimi nəzərə alması, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul olunması məqsədilə AİHM-nin prezidentinə rəsmi qaydada müraciət etdiyi diqqətə çatdırılıb.
Eyni zamanda bildirilib ki, bu ilin mart ayının 15-də Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanmış və hazırda girov saxlanılan Elvin İbrahimovla bağlı Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Gəncə Regional Mərkəzinin nümayəndələri girovun anası ilə görüşmüş, məsələ araşdırılmışdır.
Girovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubu da nəzərə alınaraq, Müvəkkilin Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sesseraya ünvanladığı müraciətində Komitənin mandatı çərçivəsində Elvin İbrahimovun girovluqda olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, girov saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunmuşdur.