...

Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl...

Cəmiyyət Materials 31 İyul 2019 12:39 (UTC +04:00)
Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi, ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib.
Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl...

Bakı. Trend:

Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi, ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Orqan nəqli gözləyən xəstələrin sayı hər gün artmaqda davam edir. Bu gün yüzlərlə insan xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.

Bir ay bundan əvvəl Mərkəzi Gömrük Hospitalında qaraciyər serrozundan əziyyət çəkən 11 yaşlı Aynur Allahverdiyeva üzərində Dr.Mircəlal Kazıminin rəhbərliyi ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilmişdi. Aynurun donoru öz anasıdır. Əməliyyat uğurla həyata keçirilib. Hazırda uşağın və anasının vəziyyəti yaxşıdır.

Balaca qızcığaz əməliyyatdan qabaq öz təəssüratlarını bizimlə bölüşmüşdü. O, Mircəlal həkimə inandığı üçün əməliyyatdan qorxmadığını demişdi. Balaca Aynur əməliyyatdan ayılandan sonra gəlinciyinə müsahibə də vermişdi. Müsahibəsində anasına və həkimlərə minnətdarlığını bildirmişdi.

Aynur balaca, çox cılız olsa da, onun böyük ürəyi var, o, göründüyündən çox-çox güclüdür. Əməliyyatdan təzə çıxsa da, başqalarına həkimlərdən, əməliyyatdan qorxmamağı məsləhət görür. Hamıya səslənir ki, həkimlərə inanın, onlar sizi sağaldacaq.
Aynurla son görüşümüzdə o, çox sevincli idi. Həkimi Mircəlal Kazımi ilə söhbət edirdilər. Artıq o, sağalır və daha həkimlərdən qorxmayacağını və Mircəlal həkimə çox inandığını deyir. Həkimin “Mənə sözün var?” – sualına balaca qızcığaz onun boynuna sarılır...

“HƏKİM” adını şərəflə daşıyan bir insan üçün bundan artıq təşəkkür nə ola bilər?!
Aynur artıq müalicəsini evdə davam etdirir. O, yenə nağıllara inanır, balaca gəlinciyi ilə oynayır, özü nağıllar qurur. Bu inamı ona qaytaran şəxs isə onun həkimi Mircəlal Kazımi oldu. Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəl... Mircəlal həkim belə həkimlərdəndir. Ona bu məsul və şərəfli işində uğurlar diləyirik.

https://www.youtube.com/watch?v=N6Za7Uep9u4&t=16s

https://www.youtube.com/watch?v=xgIrAsVsK2I

Məqalədə:
Xəbər lenti

Xəbər lenti