Bakı. İlhamə İsabalayeva - Trend:
“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ETSN əməkdaşları, YAP nümayəndələri, millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər, həmçinin “AzEkol” MMC, “Təmiz şəhər” ASC, “Azərsun Holdinq” MMC, Qafqaz Regional Ekoloji Mərkəzinin Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.
Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.
Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.