Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il ərzində 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət təqdim edilib.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparılır. Pensiya sistemində vəfat etmiş şəxslər, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı mütəmadi olaraq monitorinq aparılır və onların pensiya təminatı dayandırılır.
S.Babayev əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımla bağlı da monitorinqlər davam edir: "Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində - hələlik səyyar yoxlamalar aparılmayıb - saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə müxtəlif tədbirlər görülür. Bu gün Azərbaycanda 70 mindən çox ailə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir. Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb".
Nazirin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün edilən elektron müraciətlərdən sonra bu müqavilələr ləğv edilib. Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib: "Aydın şəkildə görülür ki, bu şirkətlər, daha doğrusu fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlk nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslərlə bağlı tədbir görülüb".
S.Babayev bildirib ki, bu araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Nazir bu araşdırmanın nəticələrinin bu ay ərzində açıqlanacağını söyləyib. O, vətəndaşlara bununla bağlı bir daha müraciət edərək deyib ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur: "Vətəndaşlar sadəcə diqqətli oxuyaraq bu müraciət formasını doldurmalıdılar. Vətəndaşların heç şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur".