...

Azərbaycan Universitetində “Çin Günü” mədəniyyət tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2019 14:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Universitetində “Çin Günü” mədəniyyət tədbiri keçirilib. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Çin dili, mədəniyyəti və ənənələrinin qısa təqdimatı olub.

Tədbirin açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov və Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Luo Xiaozhi çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, tədbir tələbələrə Çin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradır. Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin eyni zamanda kağız, barıt, kompas kimi böyük kəşflərin ölkəsidir. Geniş əraziyə və əsrarəngiz təbiətə malikdir. Çin dili özündə mədəniyyət və incəsənəti birləşdirir. Dünya əhalisinin beşdə biri bu dildə danışır. Azərbaycan Universitetində 2018-ci ilin sentyabr ayından ikinci xarici dil kimi Çin dilinin tədrisinə başlanıb. Hazırda həftədə 16 dərs saatı olmaqla iki qrupda Çin dili fənni tədris olunur.

Açılış mərasimində tədbir iştirakçılarına “Mənim səsimdəki nəğməm” adlı məşhur Çin mahnısı təqdim olunub. Mahnını Tərcümə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Aytac İsmayılova səsləndirib.

Tədbirin açılış mərasiminin ardından başlayan sərgi hissəsində Çin mədəniyyətinin ayrılmaz hissəsi olan Çin kağız kəsmə sənəti, Çin çay mərasimi, kalliqrafiya və Çin mədəniyyətinə aid əşyalar nümayiş olunub, iştirakçılar arasında yemək çubuqları vasitəsilə fıstıq götürmə oyunu keçirilib. Qaliblərə müxtəlif mükafatlar təqdim olunub.

“Çin Günü” mədəniyyət tədbiri maraqlı anlarla yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti