...

Bu Rusiya vətəndaşları Azərbaycana daxili pasportla gələ bilərlər

Cəmiyyət Materials 29 Noyabr 2019 16:35 (UTC +04:00)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəzi Rusiya vətəndaşlarının Azərbaycana daxili pasportları ilə gələ bilməsini təklif edib.
Bu Rusiya vətəndaşları Azərbaycana daxili pasportla gələ bilərlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəzi Rusiya vətəndaşlarının Azərbaycana daxili pasportları ilə gələ bilməsini təklif edib.

Trend-in məlumatına görə, F.Nağıyev bildirib ki, o, bu təkliflə bu yaxınlarda Rusiyada keçirilən 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edib:

"Rusiyanın bəzi regionlarında yaşayan Rusiya vətəndaşlarının Azərbaycana öz daxili pasportları ilə gələ bilməsini təklif etmişəm. Bizim turizm münasibətlərimiz yalnız Rusiyanın mərkəzi ilə deyil, regionları ilə əlaqələrin inkişafına yönəlib. Yaxın vaxtlarda Rusiyanın bəzi regionlarının sakinlərinin daxili Rusiya pasportları ilə Azərbaycana səfər edə bilməsi ideyası var. Hazırda bununla bağlı danışıqlar aparılır".

F.Nağıyev bildirib ki, bu il ərzində Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 7,7 faiz, Rusiyadan Azərbaycana gələn vətəndaşların sayı 6,1 faiz artıb. Dinamika müsbət olsa da, biz bu göstəriciləri kiçik hesab edirik. Buna görə də biz işlərimizi davam etdirməliyik".

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, Agentlik vizaların sadələşdirilməsi, bəzi ölkələrlə isə vizasız gediş-gəlişin olmasında maraqlıdır: "Bizim marağımızdadır ki, vizaların verilməsi proseduru sadələşdirilsin, bəzi ölkələr üçün isə vizasız rejim tətbiq olunsun. Təbii ki, turizmin inkişafı ilə bağlı agentlik tərəfindən təklif edilən məsələlər çoxdur".

F.Nağıyev əlavə edib ki, hazırda Azərbaycanda elektron vizaların verilməsi uğurla tətbiq edilir. Onun sözlərinə görə, elektron vizalar ölkəyə daha çox turistlərin gəlməsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti