Bakı. Trend:
Ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin filiallarında tədbirlər keçirilib.
"Azərxalça"dan Trend-ə verilən məlumata görə, cəmiyyətin filiallarının kollektivləri əvvəlcə ulu öndərimizin abidəsini ziyarət ediblər.
Tədbirlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna nəzər salınıb, xalqımız qarşısındakı tarixi xidmətləri böyük minnətdarlıqla xatırlanıb.
Qeyd olunub ki, ulu öndərimizin adı milli dövlətçiliyimizin simvolu kimi səslənir. Qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın müstəqil dövlət qurmaq arzusu reallaşdırılıb, Azərbaycan bütün dünyada tanınan qüdrətli bir dövlətə çevrilib.
Bildirilib ki, ümummilli liderimiz hələ sovet dövründə xalqımızın tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri olan xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin müstəqil Azərbayacanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.
Müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilib. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, bu sahənin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub, "Azərxalça" yaradılaraq onun filialları fəaliyyətə başlayıb.
Əgər Heydər Əliyev olmasa idi, nə müstəqil dövlətimiz olardı, nə də milli sənət növümüz olan xalçaçılıq belə inkişaf etdirilərdi.
Vurğulanıb ki, ulu öndərin əbədiyyətə qovuşmasından ötən 16 illik zaman kəsiyi bizə bu fenomen şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir.
İllər, qərinələr ötdükcəAzərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı möcüzələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik.
Xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yaşadır. Ulu öndərimiz Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub böyüdüyü torpağı, xalqı, milləti üçün əbədi olaraq qalacaqdır.