...

Azərbaycan Universitetində “Asılı olma, Azad ol” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2019 14:00 (UTC +04:00)
Azərbaycan Universiteti, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Müasir Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Asılı olma, Azad ol” adlı konfrans keçirilib.
Azərbaycan Universitetində “Asılı olma, Azad ol” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Müasir Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Asılı olma, Azad ol” adlı konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, zərərli vərdişlər haqqında karikatura sərgisi, sahə üzrə mütəxəssislərin Azərbaycan Universitetinin professor-müəllim heyəti ilə görüşü və tələbələr üçün seminar olmaqla üç hissədən ibarət olan tədbir tələbələrin maarifləndirilməsi, pis vərdişlərə olan aludəçiliyin qarşısının alınmasına xidmət etmək məqsədi ilə təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Universitetinin sərgi zonasında açılan zərərli vərdişlərə həsr olunmuş karikatura sərgisi ilə tanış olublar. Sərgidə zərərli vərdişlərin müxtəlif növləri və fəsadlarına həsr olunmuş 30-dan artıq əsər sərgilənir. Sərgi 24 dekabradək açıq olacaq.

Sahə üzrə mütəxəssislərin Azərbaycan Universitetinin professor-müəllim heyəti ilə görüşündə elmi işlər üzrə prorektor Yusif Qasımov, fakültə dekanları, Sosial işin təşkili kafedrasının professor-müəllim heyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin sədri Zaur Orucov, Ümumdünya Səhiyyə Təşkilatı İstanbul ofisinin əməkdaş, professor Toker Ergüder, Türkiyənin Ege universitetinin professoru Hakan Coşkunol, Müasir Psixologiya Mərkəzinin direktoru Aidə Nəbiyeva iştirak ediblər. Görüşdə zərərli vərdişlərin hər bir cəmiyyət üçün dərin sosial problem olduğu, yeniyetmə və gənclər arasından zərərli vərdişlərin yayılması, yaratdığı təhlükələr və qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb, Türkiyə və Azərbaycandakı vəziyyət haqqında fikir mübadiləsi aparılıb.

Tədbirin seminar hissəsində isə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, qonaqlar, media nümayəndələri, professor-müəllim heyəti və 120-yə yaxın tələbə iştirak edib. Seminarda Ümumdünya Səhiyyə Təşkilatı İstanbul ofisinin əməkdaş, professor Toker Ergüderin “Tütün aludəçiliyi”, Türkiyənin Ege universitetinin professoru Hakan Coşkunolun “Narkotik maddə asılılığı”, “Müasir Psixologiya Mərkəzinin direktoru Aidə Nəbiyevanın “Asılılıq psixologiyası” mövzusunda məruzələri dinlənilib. Məruzələr zərərli vərdişlərə səbəb olan risk faktorları, asılı vəziyyətə düşmənin səbəbləri, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar, cəmiyyətə neqativ təsirləri və mübarizə yolları kimi mövzuları əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti