...

Azərbaycanda 650 min ağacın əkildiyi ərazilərin monitorinqi yekunlaşıb

Cəmiyyət Materials 30 Dekabr 2019 12:48 (UTC +04:00)
Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqi başa çatıb.
Azərbaycanda 650 min ağacın əkildiyi ərazilərin monitorinqi yekunlaşıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb.

Trend-in məlumatına görə, bunu YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, monitorinqlərin nəticələrinə əsasən, Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub.

Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib: "Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək.

Ümumiyyətlə isə əkilmiş ağaclara göstərilən qulluq səviyyəsinə, suvarma şəraitinə daimi nəzarət olunması barədə YAP gənclər təşkilatının yerlərdəki nümayəndələrinə tövsiyələr verilib və bu iş mütəmadi olaraq davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti