...

Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır - Anar Kərimov

Cəmiyyət Materials 15 Fevral 2020 10:36 (UTC +04:00)
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir
Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır - Anar Kərimov

Bakı. İlhamə İsabalayeva - Trend:

Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir: "Xüsusi ehtiyacı olan uşaqlar arasında autizmli uşaqlar da xüsusi yer tutur. Belə uşaqların sosial reabilitasiyası üçün mühüm tədbirlər həyata keçirilir. Ötən dövr ərzində internat və uşaq evlərinin inkişafı layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sosial Xidmət müəssisələrində 300-ə yaxın uşağın xidmət alması üçün şərait yaradılıb".

A.Kərimovun sözlərinə əsasən, uşaqların yeni reabilitasiya və bərpa mərkəzləri yaradılıb: "Burada il ərzində 300-ə yaxın uşaq, o cümlədən auditizmli uşaq sosial reabilitasiya xidmətlərindən faydalanır. Bu müəssisələrdə onlara psixoloq, əmək terapevti, özünə qulluq xidmətləri göstərilir".

2019-cu ildə ölkədə həyata keçirilən sosial layihələrin sayının daha da artdığını söyləyən nazir müavini bildirib ki, ötən il ərzində bu layihələrdən təxminən 9000 şəxs, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar bəhrələnib: "Keçən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara göstərilən qayğı xüsusi rol oynayır. Ötən dövr ərzində autizmli uşaqlar üçün ayrıca layihə həyata keçirilib. Bu layihədə 800-dən çox uşaq iştirak edib. Çox faydalı olan bu layihənin 2020-2021-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində uşaqlar psixo-sosial reabilitasiya, fizioterapevtik müalicə və müayinə xidmətlərini, sosial inteqrasiyaya, nevropatoloq məsləhətlərinə xüsusi önəm verilib".

Qeyd edək ki, fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.

Trend-in məlumatına görə, “Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.

Bu il konqresin mövzusu autizmdir. “Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləmək nəzərdə tutulub. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizmli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edirlər.

Keçənilki konqresdən sonra alınan çoxsaylı sorğuları nəzərə alaraq, bu il xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə əlaqədar sualları cavablandırmaq üçün “Fərqli Fərdlər”də Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin əməkdaşlarının fəaliyyət göstərdiyi stendlər yaradılıb.

Bu il konqresin işinə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də kömək edirlər. Konqresin gedişatında könüllülər digər beynəlxalq tədbirlərdə də istifadə edə biləcəkləri konkret bilik, dəyərli təcrübə və bacarıqlar əldə edirlər.

II "Fərqli Fərdlər" Konqresi fevralın 16-da bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti