...

Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2020 16:57 (UTC +04:00)
Azərbaycan Universiteti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı soyqırımı qurbanlarına həsr olunmuş “Xocalı soyqırımı obyektivlərdə” fotosərgisinə baxıblar.

Anım tədbirində Xocalı soyqırımı şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov açılış nitqində qeyd edib ki, son 30-35 il ərzində Azərbaycan xalqının yaşadığı faicələr onu sındırıb parçalayaraq yox etməyib, əksinə daha güclü, daha möhkəm və daha müdrik edib. Xocalı faciəsinin qurbanlarını hörmətlə yad etmək bizim borcumuzdur, amma son məqsədimiz olmamalıdır. Əsas və son məqsədimiz gördüyümüz işlərlə onların narahat ruhunu şad etmək olmalıdır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında Azərbaycanın işğalçı Ermənistan qarşısındakı siyasi, iqtisadi və hərbi üstünlükləri haqqında danışıb. Bildirib ki, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğu tam şəkildə sübuta yetirilib. Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyünün miqyası hər gün daha da genişlənir.

İctimai elmlər kafedrasının dosenti Boran Əzizin çıxışında qeyd olunub ki, Xocalı soyqırımı düşünülməmiş, anidən baş vermiş hərəkətlərin nəticəsi deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşananlar Azərbaycan xalqına qarşı planlaşdırılmış, hazırlanmış və həyata keçirilmiş hərbi əməliyyatdır. Faciənin ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması üçün ölkəmizin xaricdə apardığı danışıqlarda arqumentlərimizi gücləndirmək üçün var gücümüzlə çalışmalıyıq.

Tədbirdə “Xocalıya ədalət kampaniyası və nəticələri” haqqında da məlumat verilib.

Anım tədbirində Xocalı soyqırımının canlı şahidlərindən, o gecə cəmi 7 yaşı olan, atası gözlərinin önündə yandırılan Xəzan Əmirova da iştirak edib.

Tədbir iştirakçıları sonda Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, publisist Səriyyə Müslümqızının yeni layihəsi olan “Xocalı – zülmət bir gecə” filmini izləyiblər. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti