Bakı. Trend:
Bakı şəhərində Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı keçirilib.
Trend-in məlumatına görə, təlim proqramı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Avropa İttifaqı, BMT-in Əhali Fondu, UNICEF Azərbaycan və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Gənclər üçün Xidmətlər — Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsi çərçivəsində təşkil olunur. Layihənin icraçı tərəfdaşı “PART” kreativ agentliyidir.
Layihənin “Marketinq və PR dəstəyi” istiqaməti çərçivəsində baş tutan uzunmüddətli təlim proqrmında Binəqədi, Xəzər, Mingəçevir Gənclər evləri, eləcə də Biləsuvar, Şəmkir və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzlərində PR sahəsində çalışan gənclər iştirak edib.
Proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən iştirakçılara PR kampaniyaların təşkili, rəqəmsal strategiyanın qurulması, sosial şəbəkələrdə reklamların effektiv idarə olunması, veb saytların hazırlaması, foto və video redaktə proqramları mövzularında təlimlər keçirilib. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Əvvəlcə iştirakçılar bu sahələrdə nəzəri biliklər əldə edib, daha sonra komanda işləri ilə öz biliklərini təcrübədən keçiriblər.
Qeyd edək ki, “Gənclər üçün Xidmətlər — Azərbaycan Hökuməti və BMT-nin birgə təşəbbüsü” layihəsinin “Marketinq və PR dəstəyi” istiqamətinə 2019-cu ilin payızında start verilib. Ümumilikdə 1 il 6 ay müddətini əhatə edən layihə çərçivəsində qeyd olunan Gənclər evi və GİKM-larda marketinq və PR sahəsinin inkişafı sahəsində dəstək göstərilir.