Bakı. İlhamə İsabalayeva - Trend:
Nazirlər Kabineti tərəfindən “Tibbi xidmət keyfiyyətinin ekspertizasının aparılması Qaydası” təsdiq edilib.
Trend-in məlumatına görə, qaydalara əsasən, tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib- seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır.
Tibbi-iqtisadi ekspertiza elektron və ya kağız daşıyıcılar vasitəsilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən aparılır.
Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin zəruriliyinin yoxlanılması, tibbi xidmətlərin vaxtında göstərilməsinin müəyyən edilməsi, profilaktika, diaqnostika, müalicə və reabilitasiya metod- larının düzgün seçilməsi, keyfiyyət standartları, tibbi xidmətlərin göstərilməsi ardıcıllığı və kliniki protokollara uyğunluğunun yoxlanılması, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən pozun- tuların aşkar edilməsi metodları vasitəsilə aparılır. Tibbi xidmətin planlı keyfiyyət ekspertizası göstərilmiş bütün laborator-instrumental, diaqnostik müayinə və müalicə prosedurlarını əhatə edir və Agentlik tərəfindən təsdiq edilən plan üzrə hər il aparılır.
Tibbi xidmətin məqsədli keyfiyyət ekspertizası aşağıdakı hallarda aparılır:
müalicə ölümlə nəticələndikdə;
iqtisadi ekspertizanın göstəriciləri əsasında bu və ya digər xəstəliklər üzrə təqvim ilinin hər rübündə ötən rüblə müqayisədə ağırlaşma halları 10% artıqda;
tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında təqvim ilinin hər rübündə ötən rüblə müqayisədə cərrahi əməliyyatdan sonrakı fəsad halları 10% artıqda;
müalicə müddəti qısaldıqda və ya uzadıldıqda (əsaslılığının təyini məqsədilə);
tibbi-iqtisadi ekspertizanın göstəriciləri əsasında xəstəxanadaxili infeksiya səbəbli ağırlaşma halları təqvim ilinin hər rübü üzrə ötən rüblə müqayisədə 10% artıqda;
ilin hər rübü üzrə ötən rüblə müqayisədə əmək qabiliyyətinin müvəqqəti və (və ya) daimi itirilməsi hallarının sayının artması müşahidə olunduqda;
eyni xəstəlik hadisəsi üzrə bir ay müddətində təkrar müraciətlər olduqda;
təkrarlanan səhvlər, yaxud müalicə-diaqnostika prosesinin kliniki protokollara uyğun olmadığı müşahidə edildikdə;
tibbi xidmətin keyfiyyəti ilə bağlı sığortaolunanın şikayəti əsasında.
Tibbi xidmətin keyfiyyət ekspertizasının nəticələri əsasında tibbi xidmətlərin sübutlu təbabət prinsiplərinə əsaslan- madığı, tibbi xidmətlərin vaxtında göstərilmədiyi, profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilmədiyi və kliniki protokollara uyğun olmadığı aşkarlandıqda, habelə tibbi xidmətin göstərilməsi zamanı pozuntulara yol verildikdə, Agentlik tərəfindən tədbirlərin görülməsi təmin edilir. Həmin tədbirlər sığorta ödənişinin verilməsindən imtina və ya verilmiş sığorta ödənişinin geri qaytarılması, habelə sığorta ödənişinin həmin tibbi xidmətlərin düzgün göstərildiyi hissəsi nisbətində qismən verilməsi və ya verilmiş sığorta ödənişinin qismən geri qaytarılması, tibbi-iqtisadi ekspertizanın həcminin müvafiq tibb müəssisəsinə münasibətdə 1 (bir) ildən çox olmayan müddətdə 2 dəfə artırılmasıdır.