...

"Yüksəliş” üçün həyəcan və gərginlikdən azad olun - Psixoloqun iştirakçılara tövsiyələri

Cəmiyyət Materials 23 Aprel 2020 14:57 (UTC +04:00)
“Yüksəliş” üçün həyəcan və gərginlikdən azad olun - Psixoloqun iştirakçılara tövsiyələri İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi məqsədilə təsis edilən “Yüksəliş” müsabiqəsinin iştirakçıları onlara verilən tapşırıqların yerinə yetirilməsi zamanı nümayiş etdirdikləri intellektual bilik və idarəetmə bacarıqlarına əsasən qiymətləndirilirlər.
"Yüksəliş” üçün həyəcan və gərginlikdən azad olun - Psixoloqun iştirakçılara tövsiyələri

Bakı. İlhamə İsabalayeva - Trend:

İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi məqsədilə təsis edilən “Yüksəliş” müsabiqəsinin iştirakçıları onlara verilən tapşırıqların yerinə yetirilməsi zamanı nümayiş etdirdikləri intellektual bilik və idarəetmə bacarıqlarına əsasən qiymətləndirilirlər.

Trend-in məlumatına görə, beş mərhələdən ibarət olan müsabiqənin iki son - yarımfinal və final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəçilik bacarıqları fərdi və qrup tapşırıqlarının köməyi ilə qiymətləndirilir. Bu zaman namizədin bir sıra bacarıqları ilə yanaşı, onun kommunikasiya bacarıqları da dəyərləndirilir. Lakin bəzi şəxslərin kommunikasiya bacarıqlarının kifayət qədər yüksək olmaması, psixoloji davranışları onların belə müsabiqələrdə uğurlu iştirakına imkan vermir.

Bilik və bacarıqlarının kifayət qədər yüksək olmasına baxmayaraq, namizədin özünü sərbəst hiss edə bilməməsi, özünə inamının olmaması kimi psixoloji durumları onun uğur qazanmasına mane olur. Müsabiqənin yazılı mərhələlərində tam sərbəst olan bu cür namizədlər daha çox canlı - üzbəüz müsahibələr zamanı özlərini tam olaraq təqdim edə bilmirlər.

Psixoloq Elnarə Baxışlının sözlərinə görə, idarəetmə üzrə ali təhsilli, iş fəaliyyətini və təcrübəsini inkişaf etdirmək istəyən kadrlar sözsüz ki, ”Yüksəliş” müsabiqəsindən uğurla keçmək istəyəcəklər:

“Lakin onların sahib olduqları təcrübə, aldıqları təhsil bunun üçün yetərli olacaqmı? Yoxsa emosional gərginliklər onların sahib olduqları bütün bacarıqları alt-üst edəcək? Bunu hər bir iştirakçı müsabiqə müddətində özü üçün müəyyən etmiş olacaq”.

Psixoloq hesab edir ki, “Yüksəliş” müsabiqəsində hər bir iştirakçı sahib olduğu bacarıq və təcrübəsini tam və ya qismən yenidən qiymətləndirmiş, öz üstünlük və çatışmazlıqlarını görmüş olacaq. Bu baxımdan namizəd müsabiqədə iştirak etməklə özünü inkişaf etdirmək üçün yeni hədəflər qoya bilər.

E.Baxışlı qeyd edib ki, müsabiqənin hər bir növbəti mərhələsinə keçid zamanı namizədin həyəcanı daha da artacaq. Lakin namizədlər özlərini inamlı hiss etməli, reallığı dəyərləndirməlidirlər:

“Müsabiqədə iştirak etmək o demək deyil ki, hər kəs mütləq şəkildə qalib gəlməlidir. Ya da tam əksinə, tərəddüdləriniz varsa, bu o demək deyil ki, siz müsabiqədən keçməyəcəksiniz. Burada vacib olan faktorları hər bir iştirakı özü üçün müəyyən etməlidir. İştirakçı “bu müsabiqə mənə nə verəcək, mən bu müsabiqədə uğur qazandıqda nələr etməyi planlaşdırıram, bundan nə qədər faydalandıracağam?” kimi suallara cavab verərək özünün hədəflərini düzgün müəyyənləşdirməlidir”.

Onun sözlərinə görə, bu müsabiqə iştirakçıların təkcə bilik və iş təcrübəsi deyil, həm də emosional dayanıqlıq, sosial adaptasiya, dəqiqlik və ictimai fəallıq kimi bacarıqlarını qiymətləndirilir:

“Bu da necə deyərlər, idarəetmədə ən vacib şəxsi keyfiyyətlərdən hesab olunur. Ola bilsin ki, bu tələblər və keyfiyyətlər hər kəsdə olmasın. Müsabiqənin mərhələləri çərçivəsində iştirakçılar özlərinə “nələri etməliyəm, nələri etməməliyəm, yaranan həyəcanı necə idarə edə bilərəm?” kimi suallar da verə bilərlər”.

Namizədlərə bəzi tövsiyələrini verən psixoloq bildirib ki, istənilən müsabiqədə olduğu kimi “Yüksəliş” müsabiqəsində də namizəd özünü təmsil edir, ona görə də özünə güvənərək qərarlar verməlidir. Namizəd iştirakçılar haqqında məlumatları araşdırarkən özü üçün güclü rəqib obrazları yaratmamalıdır:

“Əgər bunu etsəniz, diqqətiniz qeyri-ixtiyari olaraq yayınacaq və siz əsas məqamları gözdən qaçıraraq uğur qazanmaq şansınızı azalda bilərsiniz. Sizin müsabiqədən əvvəl uzunmüddətli iş planınız olmalıdır. Siz müsabiqə zamanı diqqətsizlik edə, gərgin ola və bu planı tərtib edərkən daha çox səhvlər edə bilərsiniz. Münsiflər heyəti ilə maraqlanın, müsabiqənin final mərhələsində onlara verə biləcəyiniz sualları təyin edin. Müsabiqənin hər mərhələsi haqqında hərtərəfli məlumatlanın, bu kimi müsabiqələr necə keçir, nə çətinlikləri olur kimi informasiyalar əldə edin. Düzgün həyat və iş rejimi, gündəlik işlərin icrası sizin fəaliyyət göstəricilərinizi və imkanlarınızı genişləndirir. Müsabiqəyə hazırlığı bunu nəzərə alaraq həyata keçirin. Lakin müsabiqə müddəti sizi digər fəaliyyətlərinizdən ayırmasın, onlara mane olmasın. İşlərinizi elə qurun ki, fikrinizi rahat olaraq hər sahəyə yönəldə biləsiniz”.

E.Baxışlı müsabiqə iştirakçılarına səmimi olmağı da tövsiyə edir.

O qeyd edib ki, namizədlər özləri haqqında məlumat verərkən səmimi olsunlar:

“Çünki gec-tez üzə çıxacaq əskiklikləriniz sonra sizə zərər vermiş olacaq. Müsabiqənin hər bir mərhələsində hirsli və kəskin rəqabətçi mövqeydə olmayın, müsabiqədən sonra bu davranışlarınıza görə əziyyət çəkərsiniz. Müsabiqə öncəsi özünüz ilə müsahibə aparın. Sizə hansı sualları verilə bilər, işə götürülərkən siz özünüz bir rəhbər olaraq hansı sualları verərdiniz, hansı suallar sizi çətinliyə sala bilər- bütün bunlara əvvəlcədən hazıraşın. Düşüncələrinizdə pozitiv və real olun. Nəzərə alın ki, siz özünüzdə ləyaqətli və bacarıqlı insan obrazını əks etdirirsiniz və heç bir faktor bu obrazı dağıtmamalıdır”.

E.Baxışlı namizədlərə bunu da bildirib ki, həyəcan və gərginlik davamlı şəkildə onları narahat edirsə, autotreninq halında rahatlayıcı əzələ və nəfəs çalışmaları, meditasiya edə, onları gərginllikdən azad edəcək idman növləri ilə məğul ola bilərlər. Bununla yanaşı, pozitiv insanlarla təmasda olsunlar, onlarla xoş vaxtlar keçirsinlər:

“Unutmayın ki, sizi yaşadan, sizi həyata bağlayan əsas səbəbkarlar onlardır. Bir el məsəli var ki, istəyən dağlar aşar, istəməyən düzdə çaşar. Bu ifadənin prinsipi ilə dəyərlənizi, dostlarınızı, sevdiklərinizi qurban vermədən qalibiyyəti qazanın, bunu bütün varlığınızla istəyin. Bu istək yalnız “Yüksəliş” müsabiqəsi üçün deyil, bütün həyatınız üçün əsas deviz omalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti