...

Turizm könüllüləri yeni layihənin icrasına başladı

Cəmiyyət Materials 10 İyun 2020 18:32 (UTC +04:00)
İyunun 10-da “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə “Voluntourizoom online hub” layihəsi çərçivəsində ilk onlayn görüş keçirilib.
Turizm könüllüləri yeni layihənin icrasına başladı

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 10-da “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə “Voluntourizoom online hub” layihəsi çərçivəsində ilk onlayn görüş keçirilib.

Trend-in məlumatına görə, layihənin “Turizmdə innovasiya və perspektivlər” mövzusunda qonağı Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov olub.

Beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyalarının istifadəsinin önəmindən danışan Aparat rəhbəri Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün təlimlərin keçirildiyi “E-öyrənmə” onlayn təlim platforması, “Azerbaijan.travel” saytının çoxçeşidli imkanları, “SAHMAN” proqramı, “meetinazerbaijan.com”, “skiazerbaijan.az” və s. bir sıra veb-saytlar, həmçinin “Macəra Yaxındadır” platforması barədə məlumat verib.

Aparat rəhbəri turizm sahəsində könüllülük fəaliyyətinin gənclər üçün gələcək iş imkanları və karyera ilə bağlı bilik və bacarıqlar əldə etməkdə mühüm rol oynadığını, keyfiyyətli təhsilinin əsas məqam olduğunu qeyd edərək Agentliyin bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb və könüllülərə öz tövsiyələrini verib.

Qeyd edək ki, “Voluntourizoom online hub” layihəsinin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ixtisaslaşmış ekspertlərlə bir araya gətirməkdir.
Eləcə də son yenilikləri və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etmək, könüllülər tərəfindən təqdim olunan təklifləri qiymətləndirmək də layihənin məqsədləri sırasındadır.

Dövlət və ictimai qurumları təmsil edən 11 spikerin müxtəlif mövzular üzrə iştirak edəcəyi növbəti görüşlər də “Zoom” platforması vasitəsilə həyata keçiriləcək və iyunun 24-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti