...

İstanbul-Bakı reysi ilə 19 azərbaycanlı həkim ölkəyə gətirilib (FOTO)

Cəmiyyət Materials 3 İyul 2020 00:05 (UTC +04:00)
İstanbul-Bakı reysi ilə 19 azərbaycanlı həkim ölkəyə gətirilib (FOTO)

Bakış Trend:

İyulun 2-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil almış 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.

Trend xəbər verir ki, təyyarə İstanbuldan yola düşən zaman hava gəmisinin kapitanı sərnişinlərə ölkəmizə gələn 19 tibbi işçisi ilə bağlı məlumat verib və həkimlərimizə uğurlar arzulayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimlərin müvafiq şərait yaradılmaqla Azərbaycanda işləmək üçün geri gətirilməsidir.

O qeyd edib ki, bu çərçivədə müxtəlif layihələr icra olunur. Son olaraq REACT layihəsi icra olunub və Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparıb. Bu xüsusda azərbaycanlı həkimlərdən ibarət növbəti heyət xalqımıza xidmət etmək üçün ölkəmizə gəlib.

Türkiyədə təcrübə keçmiş həkimlərimizdən biri olan Səma Məhəmmədli deyib ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizəyə qoşulmaq üçün ölkəmizə qayıdıblar. On dörd gün ev şəraitində izolyasiya olunduqdan sonra müvafiq xəstəxanalarda xidmət göstərəcəklər.

Azərbaycana gələn gənc həkim Tural Hüseynov söyləyib ki, Türkiyədə yeni biliklərə və praktiki vərdişlərə yiyələndikdən sonra ölkəmizdə pandemiya ilə mübarizəyə qoşulmaq qərarına gəlib. Bu istəyin reallaşmasında Azərbaycan hökuməti öz dəstəyini əsirgəməyib.

Gənc həkim Elvin Abdullayev də Türkiyədə təhsilini bitirib dünyada koronavirus pandemiyasının yayıldığı bir zamanda xalqımıza xidmət etmək üçün ölkəmizə gələnlərdəndir. O, koronavirusa yoluxan xəstələrin müalicəsində aktiv iştirak etməyə hazır olduğunu deyib və belə bir imkan yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti