Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələrində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, növbəti mühazirə Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları üçün “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda onlayn (distant) formada təşkil olunub.
Mühazirə Ombudsmanın Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən tədris olunub. O, dinləyicilərə milli qanunvericilikdə həyata keçirilən islahatlar, Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti, şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, rəftar məsələləri, sənədləşmə və saxlanma şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartlardan çıxarışlar milli qanunvericilik aktları ilə müqayisəli şəkildə tədris olunub.
Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.