...

Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək

Cəmiyyət Materials 13 Avqust 2020 18:19 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin təsdiq etdiyi “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə Fondun bu ilki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının cari il üçün artıq 20 minə çatdırılması nəzərdə tutulur.

“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun bu məqsədlə Fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 mln. manat artırılaraq 10 mln. manata çatdırılmasını nəzərdə tutur.

İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.

Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7267 nəfəri, 2019-cu ildə isə əvvəlki illə müqayisədə 42,45% çox olmaqla 10352 nəfəri əhatə edib. Proqrama cəlb olunanların hər biri mal və materiallar formasında aktivlərlə təmin edilməklə, öz kiçik ailə təsərrüfatlarını yaradıblar.

2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün cari ildə Fonddan bu istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 mln. manat artırılaraq 78 mln. 735 min 400 manata çatdırılıb.

Məşğulluqda önəmli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı olaraq Fonddan ayırmaların 1 mln. manat artırılaraq 3 mln. manata çatdırılmasını nəzərdə tutur.

Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə cari il üçün xərclərinin 2 mln. manat artırılaraq 7 mln. manata çatdırılması da yeni Qanunda əksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi imkanlarının artmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının təşkili işlərinə başlanması da planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti