...

Bəhruz Quliyev: Ölkəmizdə İslam dininə aid olan bütün mərasimlər dövlətin diqqətinə olub

Cəmiyyət Materials 30 Avqust 2020 13:07 (UTC +04:00)

“Azərbaycan hər zaman öz milli-mənəvi və dini dəyərləri ilə sayılıb-seçilən ölkələrdən olub və xüsusilə, müsəlman ölkəsi olaraq öz multikultural siyasəti ilə digər ölkələrə nümunə olub. O cümlədən, ölkəmizdə İslam dininə aid olan bütün mərasimlər dövlətin diqqətinə olub, qayğısı ilə əhatələnib”.

Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev pandemiya zamanı Aşura mərasiminin keçirilməsinə qoyulmuş məhdudiyyəti şərh edərkən deyib.

Baş redaktor xatırladıb ki, zamanında islami dəyərlərə ən böyük önəmi Ulu Öndər Heydər Əliyev verib və biz bu dahi şəxsiyyətin Həcc ziyarətinə qatılmasını, habelə Azərbaycanda Aşura mərasimlərindəki iştirakını, eyni zamanda, onun göstərişi ilə məscid və s. ibadət komplekslərinin bərpasını, tikintisini göstərə bilərik.

Eləcə də, bu gün Prezident İlham Əliyev də bu mühüm amilləri davamlı olaraq diqqətində saxlayır, inanclı vətəndaşların ibadət etmələri, dini mərasimlərdə iştiraklarını rahat, təhlükəsiz şəkildə həyata keçirmələri üçün müvafiq qərarlarını verir, addımlarını atır: “Əbəs deyil ki, möhtərəm Prezidentimiz ailəsi ilə Həcc ziyarətində də olub və Azərbaycanımızın firavan olması, gücünün, qüdrətinin artması, xalqımızın rifahı üçün Allaha dualar edib. Bu, həm də onu göstərir ki, dövlətimiz daim bu kimi məsələlərə ehtiramla yanaşıb”.

“Lakin sirr deyil ki, koronavirus pandemiyası və onun dünyaya vurduğu fəsadlarının daha böyük dairəni əhatə etməməsi üçün önləyici tədbirlər reallaşdırılmaqdadır”, deyən siyasi ekspert əlavə edib ki, artıq bu günə qədər bir neçə islami mərasimlərə də məhdudiyyətlər qoyulub: “Ramazan və Qurban bayramlarını buna misal gətirə bilərik. Habelə insanların birgə şəkildə camaat namazlarının qılınmasının da müvəqqəti qarşısı alınıb. Cümə günlərində namazlar yalnız fərdi qaydalarda qılınmaqdadır. Məscidlərin fəaliyyətinə bu ətrafda xüsusi nəzarət yaradılıb. Bütün bunlar isə əlbəttə ki, vətəndaşlarımızın sağlamlığı, sanitar-epidemioloji vəziyyətin nəzarətdən çıxmaması üçündür.

Hesab edirəm ki, hazırkı dövrə qədər görülən nəhəng anti-pandemiya kampaniyalarında ortaya qoyulan və əldə edilən uğurlu nəticələri yerə vurmaq haqsızlıq olardı. Çünki dövlətimiz vacib olan bütün addımları atıb və yerdə qalanını vətəndaşlar anlamalı, qoyulan qadağalara riayət etməlidirlər. Eləcə də, inanclı vətəndaşlarımız bu məhdudiyyətləri anlayışla qarşılamalı, dua və ibadətlərini fərdi qaydada həyata keçirməli və əlbəttə ki, bəşəriyyətin tezliklə bu bəladan qurtulmasını Allahdan istəməlidir. Məhz bu cür anlayışlarla, qarşılıqlı addımlarla, həmrəyliklə insanlıq koronavirus təhlükəsindən xilas ola bilər. Əminik ki, məhərrəmlik ayına xas olan müəyyən günlərdə, eləcə də Aşurada da müsəlman bacı və qardaşlarımız, vətəndaşlarımız dövlətin apardığı bu siyasətə öz dəstəklərini nümayiş etdirirlər, bundan sonra da etdirəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti