Bakı. Samir Əli - Trend:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev bir sıra dövlət qurumlarında görüşlər keçirib ki, bu görüşlərin əsas mövzusu Azərbaycanda COVID-19 virusuna qarşı aparılan mübarizə olub.
Trend-in məlumatına görə, Səhiyyə Nazirliyində baş tutan toplantını giriş sözü ilə açan Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib. Nazir bildirib ki, COVID-19-a qarşı mübarizədə beynəlxalq təşkilatların və ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq və həmrəylik prinsipi müstəsna əhəmiyyət kəsb edir.
Baş katib Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin səhiyyə sahəsində əməkdaşlığın daha da gücləndirilməsini öz çıxışında xüsusi vurğulayıb. Azərbaycanda COVID-19-a qarşı mübarizə üzrə səhiyyə siyasətinin qurulması, ambulator poliklinik xidmətin bu işə cəlb edilməsi və stasionarların hazırlanması da qeyd edilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin Səhiyyə Nazirlərinin görüşündən sonra Elmi-Tibbi Qrupun eləcə də Təchizat Zənciri Qrupunun yaradılması diqqətə çatdırılıb.
Sonda Səhiyyə naziri Oqtay Şirəliyev görüş iştirakçılarına bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatında türk dünyasının Azərbaycanı birmənalı dəstəkləməsini qeyd edərək Azərbaycan hökuməti və xalqının bunu yüksək qiymətləndirdiyini deyib.
Xatırladaq ki, Azərbaycanın sədrliyi çərçivəsində ölkə Prezidentinin təşəbbüsü ilə 10 aprel 2020-ci il tarixində videokonfrans formatında COVID-19 ilə mübarizəyə dair Fövqəladə Zirvə Görüşü keçirilib. Pandemiya ilə mübarizə üzrə təşkilatın üzv və müşahidəçi dövlətlərinin səylərinin birləşdirilməsi qərara alınıb. Bunun davamı olaraq 28 aprel 2020-ci il tarixində Türk Şurası üzv və müşahidəçi dövlətlərinin Səhiyyə Nazirlərinin COVID-19-a həsr edilmiş videokonfransı keçirilib və davamlı əməkdaşlığa dair qərarlar qəbul edilib.
Görüşün sonunda təşkilatla davamlı əməkdaşlıq müzakirə edilib.