...

Bahar Muradova: Erməni təxribatları nəticəsində həlak olanların 5-i uşaq, 5-i qadındır

Cəmiyyət Materials 9 Oktyabr 2020 17:16 (UTC +04:00)
Bahar Muradova: Erməni təxribatları nəticəsində həlak olanların 5-i uşaq, 5-i qadındır

Bakı. İlhamə İsabalayeva - Trend:

Sentyabrın 27-dən başlanılan erməni təxribatları nəticəsində bu günə qədər 31 mülki əhali həlak olmuşdur ki, onlardan 5-i uşaq, 5-i qadındır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNİCEF) Avropa və Orta Asiya üzrə (mənzil qərargahı Cenevrədə yerləşən) regional direktoru Əfşan Xan ilə onlayn formatda keçirdiyi görüşdə deyib.

B.Muradova qeyd edib ki, 160 dinc sakin yaralanmış, 142 mülki obyekt, 1050 yaşayış evi yararsız vəziyyətə düşmüşdür: “Hazırda Azərbaycanda mülki vətəndaşların və ərazilərimizin artilleriya atəşinə tutulması davam etməkdədir. Torpaqlarımızın bir qismi işğaldan azad olunub, ancaq həmin məkanlardakı vəziyyət ürəkağrıdıcıdır. Belə ki, bu ərazilərdə indiyə qədər Azərbaycana məxsus olan bir tarixi abidə, bir tikili, bir ev, insan üçün yaşamağa imkan verən bir mülki infrastruktur belə qalmayıb”.

Təmas xəttinə yaxın bir şəhər kimi təkcə Tərtər bölgəsini misal gətirən B.Muradova vurğulayıb ki, sentyabr ayının 27-dən bu günə kimi şəhərə 12 minə qədər mərmi atılmışdır. Bu ərazilərdə məktəblər fəaliyyətini dayandırmış və uşaqlar bu müddətdə təhsildən kənar qalmışlar.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Avropa və Orta Asiya üzrə regional direktoru Əfşan Xan münaqişə ilə əlaqədar vəziyyətin daha da gərginləşməsini nəzərə alaraq UNİCEF-in hər iki tərəfə rəsmi müraciət etdiyini bildirib və bütün tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində mülki əhali və mülki infrastrukturla bağlı götürdükləri öhdəlikləri xatırladıb. Bildirib ki, hərbi münaqişələr zamanı mülki əhali hədəf seçilməməlidir. Heç bir hərbi münaqişə heç bir uşağın maraq və mənafeyinə cavab vermir. Əfşan Xan hərbi vəziyyətdən bilavasitə zərər çəkmiş əhaliyə psixo-sosioloji yardımın göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti