...

Ayaq burxulan zaman nə etmək lazımdır?

Cəmiyyət Materials 20 Oktyabr 2020 13:32 (UTC +04:00)

Bakı. Trend6

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının travmatoloq ortopedi Müseyib Əhmədov “Ayaq burxulan zaman nə etmək lazımdır?” sualını cavablandırıb.

Gündəlik həyatımızda aşıq-daban oynağı bağlarının gərilməsinə, adətən el arasında deyildiyi kimi, ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlirik. Oynaq bağları və vətərlərinə çox güclü dartılma tipli qüvvə təsir etdikdə, onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağlarının cırılması baş verə bilər.

Ehtiyatsız hərəkət edəndə, hamar olmayan səth üzərində gəzdikdə, zərbə dəydikdə, yıxıldıqda baş verən bu hallar özünü ağrı, şişkinlik, qansızma, çətinliklə yerimə və oynaq hərəkətliliyinin azalması kimi əlamətlərlə göstərir. Ayaq burxulması çox vaxt ayaq biləyi və topuq sümüyünün normal yuvasından çıxaraq geri gəlməsi ilə meydana gəlir.

Əgər burxulma şiddətli ağrılar vermirsə, bunu evdə müxtəlif müalicə üsulları ilə ən uzağı 2-3 həftəyə sağaltmaq mümkündür. Amma bağlarda qismən yırtılma olarsa, bu vəziyyətdə xüsusi ayaq sarğıları olan bandajlardan istifadə etmək lazımdır.

Burxulma zamanı ağır fəsadlar olmasın deyə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər ilk yardım kimi xəstənin ayağını soyuq su ilə yumaq, sonra ağrı və şişkinliyi azaltmaq məqsədilə oynaq nahiyəsini elastik bintlə sarımaq olar. Lakin bandajı çılpaq ayağa deyil, yumşaq bir corab geyinərək onun üzərinə sarımaq lazımdır. Əks təqdirdə zədələnmiş nahiyə daha çox ağrıya bilər və sağalma müddəti uzanar.

İlk yardım üçün xəstənin ayağına rahatlıq vermək lazımdır, piyada gəzmək olmaz. Zədələnmiş nahiyəyə dəsmala bükülmüş buz qoymaq da yaxşı nəticə verir. 1 saat fasilədən sonra yenə 15 dəqiqə buz qoymaq məsləhətdir. Zədələnmiş ayağa bədən səviyyəsindən hündür vəziyyət vermək lazımdır. Bunun üçün ayağı qaldırıb hündür yerə, məsələn, yastığın və s. üzərinə qoymaq olar. Ayaq burxulması vəziyyətində qanı durulducu dərmanlardan və spirtdən istifadə etmək olmaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti