...

Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2020 15:49 (UTC +04:00)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbənin sevincini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı sahəsində də mühüm addımlar atılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün nazirlik tərəfindən 107 mənzil və fərdi ev, o cümlədən Gəncə şəhərində 50 mənzil və müxtəlif bölgələrdə 57 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Gəncədə mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Bu zəfər, Azərbaycan əsgər və zabitlərinin şücaətlərlə zəngin uğurlu hərbi əməliyyatları, düşmənə sarsıdıcı zərbələr endirməsi və qısa bir vaxtda Qələbəni təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycan təkcə hərbi sahədə deyil, eyni zamanda diplomatiya, siyasət sahəsində də qalib ölkə oldu.

Bu Qələbə ovqatlı günlərimizdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə qayğı da davam edir. Həmin kateqoriyadan olan vətəndaşlar üçün cari ildə rekord səviyyədə, 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. İndiyədək isə 8558 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin vətəndaşları olaraq hər birinin sonsuz fərəh və qürur içində olduqlarını, Ali Baş Komandanımızla fəxr etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini qeyd ediblər. Bildiriblər ki, Azərbaycanın bu Qələbəsinə, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə şəhidlərimizin ruhu da sevinir.

Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri xalqımıza möhtəşəm Qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğl göstərdiyinə, bu gün isə onlara yeni mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti