...

Vaksinasiya COVİD-19-la mübarizədə mühüm amildir - Könül Nurullayeva

Cəmiyyət Materials 18 Yanvar 2021 10:43 (UTC +04:00)
Vaksinasiya COVİD-19-la mübarizədə mühüm amildir - Könül Nurullayeva

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gündən Azərbaycanda da COVİD-19 əleyhinə əhalinin vaksinasiyası kampaniyası başlanılır. Virusun bu müddət ərzində yayılma dinamikası, mutasiyaya uğraması vaksinasiyanın zəruriliyini və COVİD-19 la mübarizədə mühüm amil olduğunu təsdiqlədi. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bununla belə, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil: “Vətəndaşların bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməsi vacibdir.

Artıq vaksinasiya prosesinə dünyanın aparıcı ölkələrində - ABŞ, Avropa ölkələri, Türkiyə və s. start verilib. Azərbaycan bu məsələdə də liderlər sırasındadır.

Ümumiyyətlə, Azərbaycan koronavirus sınağından az itki ilə çıxır, vəziyyət tam nəzarətdədir. Səhiyyə infrastrukturunun lazımi səviyyədə qurulması, bütün təchizat məsələlərinin həlli, operativ tədbirlərin görülməsi, həmçinin sosial dəstək paketinin həyata keçirilməsi COVİD-lə mübarizə strategiyasının tərkib hissəsidir”.

K.Nurullayeva vurğulayıb ki, hökumət ötən il COVID 19-la mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf edib: “Bu il üçün isə büdcədə birbaşa 261 milyon manat nəzərdə tutulub. Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilib. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilib. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.

Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılan xüsusi fonda 114 milyon manatdan artıq vəsait toplanıb.

Bir neçə gün əvvəl isə ölkəmizdə COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edildi. Bu, ölkəmizdə dövlətin vətəndaşların sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək dəyərin göstəricisidir.

Vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılıb.

ÜST-ün mütəxəssisləri də bu qənaətdədir ki, vaksinasiya prosesi vaksinin özündən daha çətin prosesdir. Bu mənada vaksinasiya məntəqələrinin şəraiti, tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi də vacib şərtlərdəndir. Yəni, vaksinasiya üçün uyğun şəraitin yaradılması mütləqdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti