...

Bu il tarix fənni üzrə qəbul imtahanına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək - DİM sədri

Cəmiyyət Materials 29 Yanvar 2021 11:46 (UTC +04:00)
Bu il tarix fənni üzrə qəbul imtahanına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək - DİM sədri

Bakı.İlhamə İsabalayeva -Trend:

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11‑ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur:

"Belə ki, şagird bəzi mövzularla aşağı siniflərdə daha sadə şəkildə tanış olursa, bu mövzular üzrə bilik və bacarıqlar təhsilin yuxarı pillələrində müxtəlif tədris vasitələri ilə daha da təkmilləşdirilir. Beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə ehtiva olunur. Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki dərsliklər əsasında mövzu barədə müəyyən hazırlığa malik olur".

Sədr qeyd edib ki, COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb:

"Karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb. Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq. 11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür.

Məsələn elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”.

Sədr əlavə edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcəkdir. Bilirsiniz ki, “müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti