...

ADU-da İngilis jurnalisti İan Pirtsin iştirakı ilə Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

Cəmiyyət Materials 26 Fevral 2021 12:35 (UTC +04:00)
ADU-da İngilis jurnalisti İan Pirtsin iştirakı ilə Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşkilatçılığı ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası “XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ!” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva açaraq qeyd edib ki, bu il Xocalı soyqırımının anımı əvvəlki illərlə müqayisədə fərqlidir. 44 günlük Vətən müharibəsi və torpaqlarımızın geri qaytarılması fonunda Xocalı qurbanlarının qisası alınıb.

Daha sonra, tədbirin qonağı, ingilis jurnalisti İan Pirts müəllifi olduğu “Xocalı faciəsi” filmi haqqında danışıb və öz təəssüratlarını bölüşüb. O, Azərbaycana olan məhəbbətindən, Şuşada və Xocalıda olmaq arzularından, eləcə də Azərbaycanı öz vətəni kimi qəbul etdiyindən danışıb.

Tədbirdə iştirak edən ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət olduğunu qeyd edib.

Kafedranın əməkdaşları dosent Aytən Allahverdiyeva “Qan yaddaşımız Xocalı”, filologiya üzrə fəlsəfə doktoru Nigar Mədətova “Xocalı soyqırımı-əsrin faciəsi”, baş müəllim Nüşabə Əbdülrəhimova “Unudulmayan acımız”, müəllim Səbinə Nurəliyeva “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi” mövzularında Azərbaycan və ingilis dillərində çıxış ediblər və videoyazılar, eləcə də təqdimatlar nümayiş etdiriblər.

Daha sonra, Filologiya fakültəsinin tələbələri Ləman Rövşənova və Fidan Əsədli Xocalı soyqırımı, bu faciənin səbəbləri, nəticələri və beynəlxalq səviyyədə tanınması barədə danışıblar. 236-cı qrup tələbələri isə hazırlayıb “YouTube” kanalında paylaşdıqları “Xocalı soyqırımı - Unudulmayan acımız” (“Khojali Genocide-A Pain that We Can Never Forget”) videoyazısını nümayiş etdiriblər.

Sonda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov və Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli Xocalı faciəsinin bütün dünyaya tanıdılmasının vacibliyindən və bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti