...

Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib

Cəmiyyət Materials 26 Fevral 2021 15:22 (UTC +04:00)
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporu Gəncləri, İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (QSAM) birgə təşkilatçılğı ilə "Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində Azərbaycan və Pakistan diaspor gəncləri arasında əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Komitədən Trend-ə bildirilib ki, QSAM-ın kommunikasiya və koordinasiya üzrə meneceri Laraib Fatimə Hassanın moderatorluğu ilə aparılan tədbirdə sözügedən qurumun mütəxəssisləri Dr.Mehmudul Hassan Xan, Dr.Zarmina Baloch, Nasir Zaman, Palvaşa Navaz, Malik Musavvar Həmid, Pakistandakı Azərbaycan icmasının üzvü Tehrəm Qızılbaş, Xocalı sakini Həsən Ələkbərov və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Xocalı sakini Həsən Ələkbərov 29 il öncə baş verənlər və sonrakı həyatı haqqında fikirlərini bölüşüb. İndiyədək dəhşətli gecənin yaddaşından silinmədiyini bildirib və dünya birliyini Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıb.
Konfransda Dr.Mehmudul Hassan Khan, Dr.Zarmina Baloch, Nasir Zaman, Malik Musavvar Həmid və Palvaşa Navaz çıxış ediblər. Bildirilib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, həm də insanlığa qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımından əvvəl də Ermənistan dəfələrlə Azərbaycana qarşı soyqırımı və etnik təmizləmə siyasəti aparmağa, qədim tariximizi və zəngin mədəniyyətimizi məhv etməyə təşəbbüslər göstərib. Amma bu təşəbbüslər dünya birliyi tərəfindən geniş miqyasda pislənməyib.

Ölkələrimizin bütün beynəlxalq forumlarda bir-birini dəstəklədiyi, Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirdikləri qeyd edilib, Xocalı soyqırımına beynəlxalq səviyyədə düzgün qiymətin verilməsi məsələsinin hər iki ölkənin diasporu üçün vacib vəzifə olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti