Bakı. Trend:
10 mart tarixində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyarto Əməkdaşlıq müqaviləsi imzalayıblar.
Universitetdən Trend-ə bildirilib ki, müqavilə çərçivəsində ADA Universiteti ilə Macarıstanın Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu Anlaşma ilə ADA Universitetinin xarici təhsil müəssisələri ilə icrada olan müqavilələrinin sayı 100-ə çatıb.
Memorandumda tərəflər arasında tələbə mübadiləsi, birgə təlimlərin və layihələrin təşkili və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ADA Universiteti bu ilin 5 mart tarixində onlayn formatda Belçika Krallığının "EPHEC" Universiteti ilə də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil müəssisəsi ilə imzaladığı ilk memorandumdur. Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.
ADA Universiteti indiyədək ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə Anlaşma Memorandumları imzalayıb.