...

Bu il bəzi Novruz ənənələrinin təxirə salınması zəruridir - Sosioloq

Cəmiyyət Materials 19 Mart 2021 15:39 (UTC +04:00)
Bu il bəzi Novruz ənənələrinin təxirə salınması zəruridir - Sosioloq

Trend-i buradan izləyin

Baki. İlhamə İsabalayeva – Trend:

İnsanların sonrakı illərdə Novruz bayramını yaxınları ilə birgə daha gözəl şəkildə qeyd edə bilməsi üçün bu il bəzi bayram ənənələrini və vərdişlərini təxirə salması zəruridir.

Bunu Trend-ə Türkiyənin Üsküdar Universiteti Sosiologiya kafedrası müdiri, professor, sosioloq Əbülfəz Süleymanlı deyib.

Onun sözlərinə görə, xalqımızın ən qədim və əziz bayramı olan Novruz bu il ikinci dəfə COVID-19 pandemiyası şəraitində qeyd edilir:

“Keçən il də bayram günləri Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etməsindən sonrakı dövrə təsadüf etmişdir. Lakin keçən il epidemiya daha başlanğıc mərhələsində olduğu üçün bu qədər yoluxma halları qeydə alınmamışdı və ölüm hallarının sayı da azlıq təşkil edirdi. Həmin dövrdə virusun yayılması və yoluxma yolları haqqında müfəssəl məlumat olmadığı üçün insanlarda müəyyən qədər rahatlıq da hiss olunurdu. Lakin aradan keçən bir il ərzində virusun nə qədər təhlükəli olduğunu və insan həyatı üçün nə qədər risk təşkil etdiyini hər kəs gördü. Təəssüflər olsun ki, hər kəs riskin səviyyəsini tam dərk edə bilmədi. Belə ki, insanların maskadan istifadə və fiziki məsafə qaydalarına riayət etmədiyini artan rəqəmlərdən də görmək olar. Halbuki, bilinən tək həqiqət bu virusdan qorunmaq üçün bu qaydalara riayət etmə görüntüsü yaratmaq deyil, əksinə qoyulan qaydalara tam riayət etməkdir”.

Sosioloq qeyd edib ki, insanlarımız uzun illər boyu Novruz bayramını yaxınlarının evinə qonaq gedərək, eyni süfrə arxasında qeyd etməyə vərdiş ediblər. Bayramı da mənalı edən və bayram ab-havasında keçməsini təmin edən məhz bu cür bayramlaşma vərdişləridir. Lakin bir reallıq da var ki, virus öz gücündən heç nəyi itirməyib və əksinə mutasiyalara məruz qalaraq yoluxma qabiliyyətini daha da artırıb. Virusun insan sağlamlığına zərərli təsiri daha da kəskinləşib. Buna görə də insanların sonrakı illərdə yaxınları ilə birgə daha gözəl bayramlar qeyd edə bilmələri üçün bu bayramın bəzi vərdişlərinin təxirə salması zərurət kəsb edir:

“Sosial şəbəkələrdə ilaxır çərşənbə ilə bağlı paylaşılan görüntülər də insanların, xüsusilə gənclərin əvvəlki vərdişlərinə əsaslanaraq və emosiyalara qapılaraq tonqal ətrafında məsafə qaydalarına bir o qədər də diqqət yetirmədikləri müşahidə olundu. Bu mənada gənclərimizin həm özlərini, həm də yaşça böyük olan doğmalarını risk altında qoymamaları üçün maksimum dərəcədə qaydalara riayət etməsi xüsusi əhəmiyyət kəsb edir. Bir məqamı qeyd etməyi vacib hesab edirəm ki, uzun illər boyu formalaşmış və xalqın yaddaşına həkk olunmuş bayrama aid vərdişləri və ritualları bir il yerinə yetirməmək heç də onları unutdurmaq deyil. Unutmayaq ki, bayram günlərində qaydalara riayət etməmək bayram sonrası üçün böyük risklərə səbəb ola bilər. Bunun üçün də hər kəsin maksimum dərəcədə diqqətli olması vacibdir. KİV- lərin də insanlarımızı qaydalara riayət etməsi mövzusunda çağırışlar etməsi zəruridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti