...

Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev

Cəmiyyət Materials 12 Aprel 2021 16:20 (UTC +04:00)
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev

Bakı. Trend:

Bu gün Azərbaycanda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayır. Dövlətimiz tərəfindən məxsusi olaraq postmüharibə dövrü üçün işlənib hazırlanmış əhatəli sosial dəstək paketi ilk növbədə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, müharibə əlillərinin, erməni terrorundan zərər çəkmiş vətəndşların ən müxtəlif istiqamətlərdə sosial problemlərinin həllini nəzərdə tutur.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili sosial dəstək proqramlarının reallaşdırılmasında və dövlət siyasətinin sosialyönümlülüyünün qorunmasında dövlətin institusional təşəbbüslərinin vacib rol oynadığını qeyd edib: “İlk növbədə qeyd etmək lazımdır ki, institusional təşəbbüslər sayəsində dövlət siyasətinin sosialyönümlülüyü qorunur. Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanında olub və olacaq. Bu gün isə Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Təkcə belə bir faktı qeyd edək ki, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Ümumiyyətlə Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. O cümlədən şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin fəaliyyəti müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır.”

Daha sonra Səttar Möhbalıyev institusional təşəbbüslərin milli birlik və həmrəylik mühitinin qorunub saxlanması və daha da genişləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu milli birliyimizin qorunması və bundan sonra daha da möhkəmləndirilməsi işinə verilən çox böyük bir institusional töhfədir. Bu Fonda məbləğindən asılı olmayaraq böyük həvəslə vəsait köçürən hər bir azərbaycanlının işğaldan azad edilmiş ərazilərin bərpasında payı olacaq. Bu, əlbəttə ki, bizim milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun yaradılması ilə ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti özünü daha qabarıq şəkildə ifadə edir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Fondun yaradılması dövlətin Qarabağ siyasətinin bir təzahürüdür. Əminliklə demək olar ki, məhz bu siyasətin məntiqi nəticəsi olaraq, ən qısa zamanda ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər salınacaq, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək.”

Millət vəkili belə bir məqamı da xüsusi olaraq vurğulayıb ki, vətəndaşların müraciətlərinə baxılmasında obyektivliyin təmin edilməsi üçün dövlətin irəli sürdüyü institusional təşəbbüsü artıq öz müsbət nəticələrini verməkdədir: “Azərbaycan dövləti Vətən Müharibəsində iştirak etmiş hər bir hərbçinin müraciətinə həssaslıqla yanaşır. Bu məqsədlə Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb. Həmçinin komissiyanın bölgələrdə fəaliyyət göstərən səyyar qruplarının da işi təqdirəlayiqdir. Məsələn, təkcə Füzuli rayonu ərazisində fəaliyyət göstərən belə bir səyyar qrup tərəfindən qısa zamanda 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Əlbəttə ki, təşəbbüslərini xarakterizə edən əsas göstəricilər əlçatanlıq və şəffaflıqdır. Buna görə də komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesinə media nümayəndələri də cəlb olunurlar.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti