...

AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)

Cəmiyyət Materials 8 May 2021 15:13 (UTC +04:00)
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) növbəti dəfə daha 5000 ailəyə ərzaq sovqatı göndərib.

Trend-in məlumatına görə, qurum bu gün sovqatları xüsusi avtomobillərlə yola salıb.

Tədbirdə bildirilib ki, bu ilin mart ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə respublikanın regionlarında yaşayan 3900 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb. Eyni zamanda İcraiyyə Komitəsinin 2021-ci ilin aprelin 30-da keçirilən iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və ölkə Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq bu kateqoriyaya aid olan ailələrə sovqat paylanması qərara alınıb.

Qəbul edilmiş qərara əsasən, bu gün - mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4000 ailəyə maşın karvanı ilə ərzaq bağlamaları yola salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan 1000 aztəminatlı ailəyə ərzaq yardımı paylanacaqdır.

Ümumilikdə 2020-ci ildən bu günə kimi AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya və Vətən müharibəsi ilə əlaqədar 12 milyon manata yaxın vəsait xərclənib. O cümlədən pandemiya ilə əlaqədar AHİK və üzv təşkilatları tərəfindən göstərilən maddi yardımlar 7.167.749 manat təşkil edib. Bu məqsədlə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705.000 manat, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 458.920 manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mubarizəyə Dəstək üçün 210000 manat vəsait köçürülüb, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanılıb, 55.756 aztəminatlı ailəyə 1.617.825 manatlıq yardım edilib, həmçinin 2020-ci il aprelin 29-da 76 şəhər və rayonda yaşayan 3900 ailəyə ərzaq sovqatı paylanılıb. Yaşı 65-dən çox olan 49.339 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.239.375 manat məbləğində maddi yardım göstərilib. Eyni zamanda Azərbaycan həmkarlar ittifaqları Vətən müharibəsi ilə əlaqədar 4.254.207 manat vəsait, bu vəsaitdən “Qarabağa Dirçəliş Fonduna” 600.000 manat, “Yaşat” və Silahli Qüvvələrə Yardım Fonduna 1.543.625 manat, o cumlədən AHİK tərəfindən 800.000 manat (Silahlı Qüvvələrə yardım Fonduna 350.000 manat, “Yaşat” Fonduna 300.000 manat, Naxçıvan Muxtar Respublikasına 150.000 manat) vəsait köçürülüb. Əsgər və zabitlərin tələbatlarının və digər məsələlərin ödənilməsi üçün 1.860.582 manat xərclənib, şəhid ailələrinə yardım edilməsi məqsədilə isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150.000 manat vəsait köçürülüb.

Həmçinin 152 şəhid ailəsi Azərbaycan həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə əməkdaşlığa dair Memoranduma müvafiq olaraq 200.000 manat vəsait ayrılıb. Bununla da qeyd olunan dövr ərzində 200 minə yaxın vətəndaşlarımıza bu və digər formada maddi yardımlar göstərilmişdir. Bu qəbildən olan sosial tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti