...

Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 9 İyun 2021 12:00 (UTC +04:00)
Sahibkarlar arasında reklamı qadağan olunmuş əmtəələrlə bağlı maarifləndirmə işləri davam etdirilir (FOTO)

Bakı. Trend:

2021-ci ilin birinci rübündə təkcə Bakı şəhərində açıq məkanda yayımlanan tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlarla bağlı 58 reklam sökülüb. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) fəaliyyətə başladığı dövrdən indiyədək bu sahəyə aid qanunvericilik aktlarının tələblərinə əməl olunması məqsədilə paytaxt üzrə 1067 reklamın yayımının qarşısı alınıb. Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində mütəmadi olaraq aidiyyəti məsələ ilə əlaqədar tədbirlər görsə də bəzi sahibkarlarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına rast gəlinir ki, bununla əlaqədar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə icraat başlanılaraq, baxılması üçün səlahiyyətli məhkəmələrə göndərilir. Bunları nəzərə alaraq, Agentlik əməkdaşları reklamı qadağan olunmuş əmtəələrlə bağlı sahibkarlar arasında maarifləndirmə işlərini daha da gücləndiriblər.

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Həmçinin, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli qərarı ilə təsdiq olunmuş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir.

Bununla yanaşı bildiririk ki, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Qanunvericiliyin tələbinə əsasən əmtəənin özü reklam hesab edilmir.

Eyni zamanda, obyektlərin daxilində, kassa ətrafında yerləşdirilən və ya vətəndaşlara obyektlərin içində səyyar qaydada təqdim olunan əmtəələrin reklamlarının qanunauyğunluğuna nəzarət etmək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) səlahiyyətində deyil.

Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə əsasən monitorinqlərin aparılması və nəzarət mexanizimlərinin gücləndirilməsi davam etdiriləcəkdir.

Vətəndaşlardan xahiş olunur ki, açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən reklamlara rast gəldikdə, onların şəklini çəkib #ADRAgovaz həştəqi ilə paylaşsınlar və ya Agentliyə məlumat versinlər.

Çağrı Mərkəzi: 1412

Whatsapp: (077) 6771412

Məqalədə:
Xəbər lenti

Xəbər lenti