...

ADU-da Konfutsi institutları gününə həsr olunan seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2021 14:04 (UTC +04:00)
ADU-da Konfutsi institutları gününə həsr olunan seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi institutları gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş onlayn seminar keçirilib.

Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər - bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. O, Azərbaycanda ibtidai və orta məktəblərdə Çin dilinin tədrisi və Çin mədəniyyətinin təbliği ilə bağlı Konfutsi İnstitutunun planlarından danışıb.

Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Konfutsi tərəfindən çox əhəmiyyətli hesab edilən təhsilin vacibliyini vurğulayıb. R.Abbasov həmçinin təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb.

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Chen Xiaozhen Konfutsi tədrisinin inkişafının əsas mərhələlərindən, kateqoriyalarından və prinsiplərindən, konfutsiçiliyin etik-siyasi təlimlərindən, eləcə də konfutsiçiliyin müasir Çinin təhsil və elminin inkişafına təsirindən danışıb. O, həmçinin Konfutsinin təhsilə, təbiətlə insan arasındakı harmoniya anlayışına və müstəqil düşüncənin inkişafına dair məşhur kəlamlarını da təqdim etdi.

Seminar Konfutsi kəlamlarının bilikləri ilə bağlı viktorina ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti