Bakı. Fərid Zöhrabov -Trend:
Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gündür.
Cəbrayıldan məcburi köçkün düşən Fazil Quliyev rayonlarının azad olunması xəbərini eşidərkən keçirdiyi hissləri Trend-lə bölüşüb.
Fazil Quliyev bildirib ki, bu gün onun üçün ən xoşbəxt günlərdən biridir: "Doğulduğum Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür.
Mən özüm də Birinci Qarabağ müharibəsi veteranıyam. Cəbrayıl, Füzuli və Zəngilanın uğrunda erməni işğalçılarına qarşı döyüşmüşəm".
F.Quliyev qeyd edib ki, Cəbrayılın düşməndən azad olunma xəbərini işdə olarkən iş yoldaşından eşidib: "Bu xəbəri eşidəndə sevincimdən hönkürüb ağladım. Neçə illər idi ki, bu günü gözləyirdim. Yaşadığım İsmayıllı rayonunda olan məhəlləmizdə düşüb insanlara "şirinlik" payladım.
Mən ilk növbədə bizə bu sevinci yaşadan Ali Baş Komandana və Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".
F.Quliyev əlavə edib ki, hazırda İsmayıllı rayonunda yaşayır: "Cəbrayılın minalardan təmizlənməsini gözləyirəm. İnşallah oradakı təmizlənmə və yenidənqurma işləri bitən kimi öz doğma kəndimiz olan Şıxlar kəndinə qayıdacağam".