...

Zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat başlayır

Cəmiyyət Materials 5 Oktyabr 2021 15:38 (UTC +04:00)
Zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat başlayır

Bakı. Çingiz Səfərli - Trend:

Bu gündən etibarən zal nəzarətçisi sertifikatı almaq üçün elektron qeydiyyat başlanır

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər ilk növbədə “Şəxsi kabinet” açmalı və göstərilən linkə (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- Ali və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalıdır;

- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməlidir (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur);

- Yaşı 22- 45 arası olmalıdır;

- Fiziki cəhətdən sağlam olmalıdır;

- Məhkumluğu olmamalıdır.

Namizədlər qeydiyyatdan keçdikdən sonra onların elektron poçtuna göndərilən bildirişdə qeyd olunan tarix və yerdə aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:

- Elektron sistemə daxil etdiyi anket;

- Şəxsiyyət vəsiqəsi;

- Təhsil haqqında sənədin əsli (diplom);

- İş yeri haqqında arayış (olduğu təqdirdə);

- Məhkumluğun olmaması barədə arayış.

Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin elektron poçt ünvanına göndərilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından ən azı 40% nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir.

Təlimlər intensiv formada – iki gün ərzində keçirilir. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar komplektləşdirildikdən sonra namizədin elektron poçt ünvanına göndərilir.

Namizəd təlimləri uğurla başa vurduqdan sonra imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına dəvət olunur. Bu imtahandan da müvafiq nəticə əldə edənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir.

İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.

Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir.

Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, [email protected] ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti