Bakı. Trend:
2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design - KNUTD) olub.
MDU rektorunu salamlayan KNUTD rektoru İvan Qrişenko Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Ötən il 90 illik yubileyi qeyd edilən KNUTD-un keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verən İ.Qrişenko universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə danışıb. MDU ilə işbirliyinin potensial istiqamətlərindən bəhs edən İ.Qrişenko iki universitet arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulacağına əmin olduğunu bildirib.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən MDU-nun rektoru Ş.Bayramov 90 illik tarixi olan KNUTD ilə hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Hər iki universitetdə uyğun ixtisaslar üzrə kadr hazırlığının həyata keçirildiyini bildirən Ş.Bayramov tədris, elmi tədqiqat və ortaq layihələr istiqamətində görülə biləcək konkret işlərdən bəhs edib. KNUTD-da Azərbaycan Mərkəzinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirən Ş.Bayramov dost ölkənin sürətlə yenilənən ali təhsil müəssisəsi ilə əməkdaşlığın qurulmasının MDU-nun potensialının güclənməsinə töhfə verəcəyinə inandığını söyləyib.
Görüşdə MDU və KNEU arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim olunub.
Sonra MDU-nun rektoru Ş.Bayramov KNUTD-da Azərbaycan Mərkəzinə baş çəkib, universitetin mövcud infrastrukturu və laboratoriyaları ilə tanış olub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılır.