...

Tərtərdə Ermənistanın atəşi nəticəsində dağılan məktəbin modul tipli yeni binasının açılışı olub (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2021 14:07 (UTC +04:00)
Tərtərdə Ermənistanın atəşi nəticəsində dağılan məktəbin modul tipli yeni binasının açılışı olub (FOTO)

Tərtər. Çingiz Səfərli - Trend:

Vətən müharibəsi zamanı Ermənistan qüvvələrinin atəşi nəticəsində dağılan Tərtər rayon Dağıstan Əzizov adına Şıxarx kənd 1 nömrəli orta məktəbinin modul tipli yeni binasının açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində Tərtər şəhərinin icra başçısı Müstəqim Məmmədov, təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, naşir Şahbaz Xuduoğlu və KİV nümayəndələri iştirak edib.

Məktəbin direktoru Ramil Ağayevin sözlərinə görə, 12 otaqdan ibarət olan yeni modul tipli məktəb 80 şagird yerlikdir və hər bir sinif bir şəhidin adını daşıyır:

"Erməni terrorçularının açdığı atəş nəticəsində məktəb tamamilə yararsız vəziyyətə düşmüşdü. Əraziyə ilk mərmi ötən il sentyabrın 29-da, növbəti iki mərmi 30-da düşüb. Müharibə dövründə, oktyabrın 15-dək ümumilikdə 10-dan artıq mərmi atılıb. Şıxarx kənd 1 nömrəli orta məktəbi bu il ali məktəblərə qəbul faizinə görə rayon məktəbləri arasında birinci, 9-cu siniflərin buraxılış imtahanlarının nəticəsinə görə isə ikinci olub".

Qeyd edək ki, müharibə dövründə Tərtərin 16 məktəbi düşmən atəşinə məruz qalıb. Düyərli kənd ümumi orta məktəbi, Şıxarx 1 saylı tam orta məktəbi və Tərtər şəhər 5 saylı orta məktəbi tamamilə yararsız vəziyyətə düşüb, digər 13 məktəbə isə ciddi ziyan dəyib. Bu ilin sonuna qədər dağılan məktəblərin yerinə yenilərinin tikilməsi və digərlərinin əsaslı təmiri başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti