...

Bakı məktəblərində monitorinqlərə start verilib

Cəmiyyət Materials 23 Noyabr 2021 12:42 (UTC +04:00)
Bakı məktəblərində monitorinqlərə start verilib

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlərə başlanılıb.

BŞTİ-dən Trend-ə bildirilib ki, monitorinqlərin əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə tədrisin təşkili vəziyyətinin öyrənilməsi və şagirdlərin dərsə davamiyyətinin yoxlanılmasıdır. Təhsil müəssisələrinin idarə olunması, tədris və təlim-tərbiyə prosesinin təşkilinin effektivliyinin artırılması da monitorinqlərin əsas hədəflərindəndir.

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 7 komissiya yaradılıb. Monitorinqlər zamanı təhsil müəssisələrində xüsusi karantin rejimi ilə bağlı təlimatların icrası və sanitar-gigiyenik vəziyyət, məktəb sənədləri ilə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.

Qeyd edək ki, monitorinqlər xüsusi təhsil müəssisələrini və inklüziv siniflər təşkil olunan məktəbləri də əhatə edir. Evdə təhsillə bağlı da monitorinqlərin aparılması planlaşdırılır. Monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi və bütün ümumi təhsil müəssisələrində aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti